Emin Mahmudov: "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"
11.06.2024 - 23:00
Emin Mahmudov: "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"

Azərbaycan millisinin kapitanı bu gün Qazaxıstana qarşı keçirilmiş matçdan sonra müsahibə verib. 

Apasport.az xəbər verir ki, Mahmudov bunları deyib:

- Oyunumuz hücumda çox yaxşı alındı. Xeyli qol fürsətləri yaratdıq. Təəssüf ki, birinci hissədə bunlardan yararlana bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Rəqibin də bir neçə qol şansı oldu. Biz yaxşı mübarizə apardıq, yaxşı oynadıq. Qələbəyə layiq idik.

- Millidə qol sayında Qurban Qurbanova çatdın. Təəssüratların necədir?

- Çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Mənə qol vurmağa kömək edirlər. 27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm. Çünki, az oynayırdım. Sonradan qollar gəldi. Gələcəkdə daha çox qol vurub milliyə kömək etməyə çalışacağam.

- Qurban Qurbanov səni təbrik etdi?

- Hələ ki, yox. Qurban müəllimlə münasibətim yaxşıdır. Bilmirəm təbrik edəcək, ya yox. Hələ ki, onu keçməmişəm. Amma sevinərəm.

- Bu rekord "Neftçi"dəki performansına təsir edə bilər?

- "Neftçi"də yaxşı komanda qurulsa, tək mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq. Bu il klub olaraq hamımız çox bərbad idik. Daha yaxşı olmalıyıq.

- Bu gün hücumda oyununuz daha yaxşı alınırdı. Səncə, nə ilə bağlıdır?

- Albaniya ilə oyunda da şanslarımız çox idi. Sadəcə qol vura bilmirdik. Onların səviyyəsi bizdən, Qazaxıstandan üstündür. Avropa çempionatına gedirlər. Qollar vurmaq lazımdır.

writer photo
Əlirza Əlirzalı
0