Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”
09.06.2022 - 20:18
Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”

“Sabah bizi çətin oyun gözləyir. Başa düşürük ki, güclü rəqibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov deyib.

30 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin III turunda Slovakiya ilə keçiriləcək matç öncəsi mətbuat konfransına qatılıb. “Neftçi”nin kapitanı “Dalğa Arena”dakı sabahkı görüşə hazır olduqlarını bildirib: “Bizim meydana rahat çıxmaq haqqımız yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq”.

- Son matçlarda qol vura bilməməyinizə nə mane olur?
- Bəzən şanssızlıq olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir. Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq.

- Slovakiya yığmasının iki gün əvvəl Qazaxıstana məğlub olması sabahkı matça nə kimi təsir göstərə bilər?
- Udsaydılar da, uduzsaydılar da çətin olacaqdı. Onlar da yüz faizlik güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqlar. Ancaq biz də qələbə üçün əlimizdən gələni edəcəyik.

writer photo
Əlirza Əlirzalı
0