Emrah Çəlikəl: “Qurban Qurbanov yeni mövsüm üçün...” - MÜSAHİBƏ
27.05.2023 - 09:22
Emrah Çəlikəl: “Qurban Qurbanov yeni mövsüm üçün...” - MÜSAHİBƏ

“Qarabağ”ın idman direktoru Emrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb. 

Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə klub rəsmisi mövsümü dəyərləndirib, yeni planlardan danışıb. 

- “Qarabağ”dan avrokuboklarda hansı nəticələri gözləyə bilərik?
- Çox sevindirici haldır ki, çempionluğumuzu əvvəlcədən elan etdik. Bu sevinc çox gözəldir. Baş məşqçi, iş yoldaşlarımızla da öz aramızda danışanda, bu sevincin məsuliyyətinin çox böyük olduğunu bildiririk. Çünki Azərbaycanı təmsil edirik və bu günə qədər ən azından hər il geridə qalan mövsümdəki uğuru göstərə bilmişik. Məqsədimiz bayrağımızı daha da irəli aparmaq, daha da gözəl nəticələr verməkdir. Bu məsuliyyətlə hamımız işimizə yanaşırıq və proqramlarımız düzənlənir. Avrokuboklarda püşkün böyük rolu var. Hansı komandalarla oynayacağımız önəmlidir. Əlimizdən gələni edəcəyik.

- Yeni transferlər olacaq?
- Sözsüz ki, olacaq. Amma biz bu barədə heç vaxt danışmırıq. Ona görə danışmırıq ki, bu, Qurban müəllimin səlahiyyətindədir, ona aid məsələdir. Olacağını bilirik. Amma bu gün nə ad çəkə bilərəm, nə də ki, ayrı məlumat verə bilərəm.

- Sirr deyilsə, Qurban Qurbanov neçə transfer istəyir?
- Sirr deyil, amma bilmirəm.

- Çempionlar Liqasında çıxış etmək üçün yüksək ödənişli futbolçuların transfer ediləcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə variant mümkündür?
- “Qarabağ”ın bəlli standartı var. Bu gün biz mövcud durumda nə ödəyiriksə, mənə elə gəlir ki, maksimum o ətrafda da futbolçular seçəcəyik. Həmin balansı qoruyacağımıza inanıram.

- Azərbaycanda 10-cu çempionluq və ikinci ulduzunu qazanan komanda oldunuz. Üçüncü ulduz sizin üçün motivasiya verəcək?
- Bu bizləri çox sevindirir. Motivasiyamız var. Məsuliyyət daha böyükdür. Biz hər zaman daha yaxşı nəticə göstərməliyik, daha irəli getməliyik. Üçüncü ulduzu da alacağımıza inanıram.

- Komandadan ayrılan futbolçular olacaq?
- Kimlərin adının çəkildiyini inanın, bilmirəm. Özüm də, bilmirəm ki, Qurban Qurbanov yeni mövsüm üçün hansı futbolçumuzu nəzərdə tutmur. Bunun üçün mövsümün sonundakı oyunumuzu gözləyək. Ondan sonra çox güman ki, klub tərəfindən daha detallı şəkildə veriləcək.

writer photo
Əlirza Əlirzalı
0