“"Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idi”.
Apasport.az-ın məlumatına görə, bunu “Molde”nin baş məşqçisi Erlinq Moe deyib.
Avropa Liqasının mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzan Norveç çempionunun çalışdırıcısı rəqibin ciddi təzyiqi ilə üzləşdiklərini deyib. “Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlarını bilirdik. “Qarabağ”ın futbolçuları yaxşı təzyiq göstərməyi bacarırlar. Bunu ilk hissədə xüsusilə gördük”.
- Niyə müdafiədən oynamağı seçdiniz? Sizcə, oyunçu dəyişikliklərində gecikdiniz?
- Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdə oynayacağımız matçda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma inkişaf etməliyik. Dəyişikliklərə gəlincə, bu gün belə oldu. Əvəzetmələrdən sonra da rəqib yaxşı çıxış etdi.
- Dünən "Qarabağ"ı böyüməkdə olan komanda kimi gördüyünüzü demişdiniz. Məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiz?
- Məğlub olmağı sevmirəm. Ona görə özümü yaxşı hiss etmirəm. Həm də yaxşı oynamadıq. Rəqibdən bir addım geridə idik. Xüsusilə də müdafiədən çıxan ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansına görə məyusam. Ümid edirəm ki, daha yaxşı olacağıq.
- Qrupun aşkar favoriti "Bayer"dir. Digər üç klubun ikincilik şansı olduğu ehtimal edilirdi. "Qarabağ"ı görəndən və nəticədən sonra Azərbaycan çempionunu ikinci pilləyə daha şanslı saymaq olar?
- Məncə, bu barədə danışmaq üçün çox erkəndir. Cəmi bir oyun oynamışıq. Qrupda bir neçə oyundan sonra daha konkret nələrsə demək mümkün olacaq. "Bayer" favoritdir, razıyam, Almaniyada da yuxarı pillələrdə qərarlaşıb. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaq. Səfərdə bir oyun oynamışıq. Növbəti matçlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq.
- Qrupdakı komandalar arasında ən az legioneri olan "Molde"dir. Cəmi iki legioneriniz var. Transfer siyasətini niyə belə seçmisiz, büdcə imkan vermir, yoxsa?
- Yaxşı sualdır. Bəli, bu bizim strategiyamızdır. Biz cəmi 26 min əhalisi olan şəhəri təmsil edirik. Ona görə norveçli futbolçularla davam edirik. Xarici klublara transfer edilən oyunçularımız var. Cavan norveçliləri alıb, inkişaf etdirib, sonra satmaq əsas məqsəddir. Bununla da, Norveç futboluna töhfə vermiş oluruq.
- "Qalatasaray"la "Qarabağ"ı necə müqayisə edərdiniz?
- Bugünkü oyunda rəqib bizə oynamaq üçün çox az meydan verdi. "Qalatasaray" yaxşı komandadır, yaxşı oyunçuları var. Amma "Qarabağ" vahid komanda kimi daha yaxşı çıxış edir. Bunu deməklə, "Qalatasaray" haqda mənfi fikir söyləmək istəmirəm. Onlar bizi uddular. Sadəcə "Qarabağ" komanda kimi daha yaxşı çıxış edir.
- İkincilik uğrunda mübarizədə əsas rəqibiniz "Hakken"dir, yoxsa "Qarabağ"?
- Erkən nəsə demək çox çətindir. Avropada evdə və səfərdə oynamaq digər yarışlardan fərqlənir. Bir neçə oyun oynayaq, daha sonra görəcəyik. "Qarabağ" qələbə ilə başlayıb. "Hakken" də yaxşı komandadır. Qrupun taleyini, əsasən, ev oyunları həll edəcək. Eyni zamanda da xallar almağa çalışacağıq. "Bayer" və "Qarabağ"ın qələbə ilə başlaması, onları irəli atdı.