İsrailin “Hapoel Hayfa” klubunun formasını geyinən Felipe Santos apasport.az saytına müsahibə verib. Azərbaycanda “Şamaxı” və “Qəbələ” klublarında oynamış braziliyalı İsraildəki karyerasından, Premyer Liqamıza qayıtmaq ehtimallarından danışıb.
- İsraildə işlərin necə gedir? Futbola davam edirsən?
- Oktyabrın 7-də İsraildə terror aktı baş verdi. Bu da hamımızı narahat etdi, üzdü. Amma bu gün həyat normala dönüb. Amma yenə də ümid edirik ki, hər şey daha da yaxşı olacaq. Futbolda vəziyyət normaldır, final mərhələsindəyik. Ona görə də ümid edirik ki, son oyuna qədər işlər normallaşacaq.
- "Hapoel Hayfa" İsrail çempionatında 4-cü pillədədir. Azərbaycanda oynadıqdan sonra özünü İsrail çempionatına yaxşı adaptasiya etmisən?
- Bu mövsüm İsrailə gəlişim inanılmaz idi. 10 ildən sonra komanda pley-off mərhələsindədir. Biz Avropaya yollanmaq haqda düşünürük, 4-cü yerdəyik. Bu anlarda klubun bir parçası olduğum üçün xoşbəxtəm.
- Yəqin ki, "Hapoel Hayfa"nın heyətində avrokuboklarda Azərbaycan klublarına qarşı oynamaq istəyərsən?
- Azərbaycanda çox yaxşı vaxtlarım olub. Əgər Avropada Azərbaycan komandasına qarşı oynamalı olsam, kimliyindən asılı olmayaraq, həmişə əlimdən gələni edəcəm. Hər halda, Azərbaycan klublarına qarşı oynamaq xoş olardı.
- Maraqlıdır, yayda Azərbaycana qayıtmaq şansın var? Azərbaycan klublarından təklif almısan?
- Mənim üçün qapılar hər zaman açıqdır, təkliflərə də həmişə açığam. Amma Azərbaycanın heç bir klubundan təklif almamışam. Təklif gəlsə, bu da karyeram üçün daha yaxşı olarsa, Azərbaycan klubunun təklifini dəyərləndirməyə hazıram.
- "Qəbələ"nin çıxışını heç izləyirsən? Bu komanda hazırda sonuncu pillədədir. Səncə, onlar niyə sonuncu pillədədir?
- Əlbəttə, “Qəbələ”nin çıxışını izləyirəm. Onların çətin vəziyyətdə olduğunu görürəm. Bunun baş verməsinə üzülürəm. Çünki “Qəbələ” həmişə qalib gəldiyim komanda idi. Ümid edirəm ki, onlar bunun öhdəsindən gələcəklər və daha güclü qayıdacaqlar.
- Səncə, sən, İsnik Alimi, Rafael Utziq, Ramon Maçado, Ruan Renato kimi futbolçular komandada qalsaydı, "Qəbələ" indi yüksək pillələrdə ola bilərdi?
- Dediyim kimi, klub kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı, şübhəsiz ki, “Qəbələ” bu mövsüm çempionluq uğrunda mübarizə aparardı. Bizim əla futbolçularımız var idi, bunu da ötən mövsüm hər kəs gördü. Amma təəssüf ki, klub davam etməyimiz üçün hər kəsin istədiyi maaşı ödəmək istəmədi. Məncə, ötən mövsümkü heyətimizlə avrokuboklarda da çox uzaqlara gedərdik.
- Ümumi çempionat haqda düşüncən necədir? “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu elan etdi, rəsmiləşdirdi. Yəqin ki, sənin üçün gözlənilməz deyildi?
- Bu gün Azərbaycanda “Qarabağ” məğlubedilməz komandadır. Bizə kubokda onları məğlub edib finala yüksəlmək nəsib oldu. Bu mövsüm onlar çox- çox üstün idilər. Komanda mütəşəkkil olduqda, böyük peşəkarlarla yaxşı idarə olunarsa, hər kəs onların necə böyük komanda olduğunu görür.