FİFA-nın yeni layihəsi bizə nə qatacaq? - Futbol ictimaiyyətinin fikirləri
12.01.2024 - 15:41
FİFA-nın yeni layihəsi bizə nə qatacaq? - Futbol ictimaiyyətinin fikirləri

FİFA-nın yeni layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.

Apasport.az bu turnirin nə qədər müsbət və mənfi olacağı ilə bağlı Azərbaycanın sabiq futbolçuları arasında sorğu keçirtdik.

"Sabah" klubunun sabiq baş məşqçisi Ramin Quliyev yeni formatı dəstəkləyib: "Turnir şəklində olmağı daha yaxşıdır. Bu zaman heyəti geniş götürüb gənclərə də üstünlük vermək olar. Sadəcə komandaların daha səviyyəli olması çox vacibdi. Bildiyim qədər Tanzaniya, Monqolustan kimi rəqiblər var, yəni nə qədər bizim üçün xeyirli olacağını oyunlar göstərəcək. Ancaq millimizə yeni baş məşqçi təyin olunduğu halda daha çox futbolçulara baxmaq şansının da olacağına yaddan çıxartmamaq lazımdır".

Azərbaycan millisinin və “Qarabağ"ın sabiq hücumçusu Samir Musayev də yeni layihəni yüksək qiymətləndirib: "Məncə, turnir daha xeyirlidir. Buna səbəb isə güclü milli komandalar zəif milli komandalar ilə yoldaşlıq oyunları oynamaq istəmirlər. Düşünürəm ki, indi bəlkə belə mini turnirlərdə oynadılar. Yaxşı oyunlar da millimiz üçün təcrübə, inkişaf deməkdir.

“Qarabağ”ın veteran kapitanı Aslan Kərimov isə turnirin faydalı olub-olmayacağını belə şərh edib: "Məncə, bunu birmənalı qarşılamaq lazım deyil. Sözügedən turnirin xeyirli olub-olmaması hansı dövrdə keçiriləcəyindən aslıdır. Təbii ki, hazırlıq dövründə keçirilsə o zaman xeyir verə bilər. Beynəlxalq oyun sayı nə qədər çox olsa bir o qədər də məşqçilərə və oyunçulara oyun üslubunu ortaya qoymaq üçün əlverişli şərait yaranacaq. Yox, əgər turnir yarış dövründə keçirilsə, yəni mart ayında bu ağır fəsadlara gətirib çıxara bilər. İzah edirəm niyəsini, çünki bildiyiniz kimi milli komandalarda bütün oyunçular klublarında hər hansı məqsəd uğrunda oynayırlar. Qısa zaman kəsiyində 2-3 dənə ard-arda keçirilən bu oyunlardan sonra milli komandanın heyətində oynamaq futbolçular üçün çətin fəsadlar yarada bilər. Söhbət zədəlilərdən gedir. Uzun sözün qısası, əgər turnir yarış döründə baş tutsa, mənfi nəticələr ola bilər.

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov fərqli komandalarla belə oyunların keçirilməsinin yerli futbol üçün daha yaxşı olacağını bildirib: "Çünki bizim komandalara rəqib tapmaq həmişə çətin olur".

Azərbaycan milli komandasının sabiq qapıçısı, “Zirə”nin məşqçisi Fərhad Vəliyev də FİFA-nın bu yeniliyini müsbət qarşılayıb: "Çünki milli komanda üçün oyunçu hovuzu toplanır. Bu turnirdə də futbolçuları sınaqdan keçirmək olar. Baş məşqçilər üçün də nəzarət və yoxlamaq baxımından müsbət vəziyyətdir ki, kim nəyə qadirdir".

writer photo
Əlirza Əlirzalı
0