İdman jurnalistlərindən "Qarabağ" - "Bayer" matçına təxminlər
07.03.2024 - 17:22
İdman jurnalistlərindən "Qarabağ" - "Bayer" matçına təxminlər

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” doğma azarkeşləri qarşısında Almaniya təmsilçisi “Bayer”lə qarşılaşacaq.

Apasport.az saytı idman jurnalistlərinin matçla bağlı fikirlərini və hesab təxminlərini öyrənib:

"CBC Sport"un  şərhçisi Ramiz Mirzəzadə: "Romaonun yoxluğu yarımmüdafiənin mərkəzində bizim üçün ciddi itkidir. Təəssüf ki, bu mövsüm çox kompakt yarımmüdafiə xətti ilə seçilən "Bayer"i məhz Romao kimi dağıdıcı yarımmüdafiəçi ilə narahat edə bilərdik. Güman ki, onun yerində o qədər də formada olmayan Patrik Andrade oynayacaq. Tanış rəqiblərin bu mövsüm üçüncü duelinin bol qollu olacağını düşünmürəm. Oyunun taleyini 1 qol da həll edə bilər. Ümid və arzu edirəm ki, "Qarabağ" minimal hesablı qələbə ilə "Bayer"in bu mövsümkü rekord məğlubiyyətsizlik seriyasına məhz Bakıda son qoyacaq”.

"CBC Sport"un müxbiri Fərrux Həsənli: “Qarabağ”1 - 2“Bayer”.

"ARB24" Televiziyasının İdman Departamentinin sədri Azər İsmayıl : “Təbii ki, bütün detallar hər kəsə aydındır. Komandaların və çıxış etdikləri çempionatların səviyyə fərqi, futbolçuların,  heyətin, baş məşqçilərin, bütün mənalarda rəqibin leyhinə olduğunu deyə bilərik. “Bayer Leverkuzen” tamamilə güclü heyətə malikdir. "Qarabağ"ın rəqibi hazırda Avropanın ən yaxşı komandalarından biridir, amma “köhlən atlar” bizə son illərdə bütün turnirlərdə göstəriblər ki, boyundan yuxarı tullana bilir və istənilən rəqiblə mübarizə aparmağa qadirdir".  

Sportlife.az saytının təsisçisi və baş redaktoru Mirələm Həsənli: "Bu oyuna hesab demək o qədər çətindir ki... 1:1 istəyərdim. Amma qələbə də pis olmaz". 

Offsideplus.az saytının baş redaktoru İlkin Sultanlı: “Tarixi matçdır. "Qarabağ" bu mərhələyə qədər irəliləyibsə, böyük uğurdur. Ümid edək ki, komandamız heç-heçə etmək ixtiyarında olacaq”.

Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə: “Xüsusilə "Qarabağ"ın ev oyunlarındakı azarkeşlərlə vəhdəti mükəmməldir. "Köhlən atlar" daim qol vurmaq istəyən, baxımlı oyun göstərməyə çalışan komandadır. "Bayer"i tanıyırıq, yad deyil. Qurban hoca təbii ki, bizdən yaxşısını bilir, analizlərini edib, tapşırıqlarını verib. İtirəcək bir şey yoxdur, qazanacaq isə çox şey var. Ən azından, "alman nəhəngi"nin məğlubiyyətsizlik seriyasını qıra bilərik. Məğlub olacağımızı düşünmürəm. Hesab təxminim: 1:1 və ya 2:1”.

Futbolinfo.az saytının rəhbəri Vüsal Mahmudov: “Qarabağ”2 - 1“Bayer”. 

İdman.biz saytının müxbiri Banuçiçək Hüseynli: “Möhtəşəm və həyəcan dolu matçı canlı olaraq meydanda izləyəcəm. “Qarabağ” - “Bayer” matçının baxımlı və maraqlı olacağını düşünürəm. Hesab edirəm ki, matç 1:0 hesabla bitəcək. Amma nəticə nə olur olsun, “Qarabağ” hər zaman bizim üçün qalibdir. Çünki Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan komandasının olması bizim futbolumuz üçüb böyük bir fəxrdir. Bu əsərin sahibi isə Qurban Qurbanov və komandasıdır!”

"CBC Sport"un müxbiri Qismət Bəyişov: “Matç 0:1 hesabı ilə başa çatacaq”.

 

writer photo
Əlirza Əlirzalı
0