“Sumqayıt” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi XVI turda “Kəpəz”ə qalib gəlib.
Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb. Sumqayıtın eyniadlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.
197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.
Qələbə qolunun müəllifi olan komandanın kapitanı Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.