“Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina İtaliyanın TMW nəşrinə açıqlamasında deyib.
Kolumbiyalı futbolçu “Qarabağ”da özünü yaxşı hiss etsə də, daha güclü çempionatda oynamaq arzusunu da gizlətməyib: “Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik, amma daha böyük liqalarda həyata keçirəcəyim arzularım var”.
29 yaşlı mərkəz müdafiəçisi oynamaq istədiyi liqanı da açıqlayıb: “İngiltərə, Almaniya və İspaniya kimi bütün rəqabətli liqaları sevirəm. Ancaq düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın ağdamlılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.