"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qələbədən çox məmnun qaldım. Oyunun yaxşı və pis hissələri var idi. Hələ çox çalışmalıyıq. Futbolçularımı təbrik edirəm.
- Tural Bayramlının 90 dəqiqə oynamağa gücü çatmır?
- Fiziki cəhətdən hazırdır. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq.
- Bu gün derbi olduğunu hiss etdiniz?
- Bəli. Azarkeşlərdən də bunu hiss etmək olurdu.
- Oyunda nədən narazı qaldınız?
- Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladılar. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var.
- 3 turdan sonra lidersiz. Bu, komandaya əlavə güc və motivasiya verə bilər?
- Belə olacağını düşünmürəm. Müzakirələr zamanı futbolçulara səhvlərini göstəririk. Bu səhvlərin üzərində işləməliyik.
- Otto Con qol vurmaqda çətinlik çəkir. Komandaya yeni hücumçu cəlb olunacaq?
- Xeyr. Bizdə Aleks Souza var. Otto Cona gələndə, bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Biz ona yenə inanırıq. Realizasiya məsələsində bir az axsayır. Bu, mənim üzərimə düşən işdir. Aradan qaldırmağa çalışacağıq.