“Bu gün istəyirdik ki, üç xal qazanaq. Oyuna bu cür hazırlaşmışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XXIV turunun “Qarabağ”la səfər oyunundan sonra mətbuat konfransına qatılıb. Regekampf Azərbaycan derbisi barədə fikirlərini açıqlayıb: “Matçdan qabaq da oyunçulrımla toplantıda demişdim ki, bura qələbə üçün gəlirik. Açıq oyun gedirdi. İki yaxşı komanda oynayırdı. Şansımız var idi ki, hesabı 2:0 edək. Amma yararlana bilmədik. Vicdanla danışsaq, "Qarabağ"ın da qol epizodları oldu və yararlana bilmədilər. Ataa Caberi itirdik. O ortada vacib oyunçu idi. Deyərdim ki, hesab ədalətli idi”.
- Digər komandalarla matçlarda bu cür oynamağa nə mane olur?
- Düşünmürəm ki, digər komandalarla oyunlarda xal itirmişik. Bəlkə də, oyun sizin bəyənmədiyiniz tərzdə gedib. Amma iki yaxşı komanda arasında oyun gedəndə, fanatlar, sizlər üçün yaxşıdır. Digər komandalara qarşı oyun belə açıq getmir. Digər komandalar çalışırlar arxaya qapansınlar və əks-hücumdan yararlansınlar. Həqiqətən fərqli oyunlardır. Çalışırıq ki, digər rəqiblərimizə qarşı da belə oynayaq. Ancaq eyni anda xallar da qazanmalıyıq.
- Oyundan sonra meydanın mərkəzində emosional çıxış etdiniz kollektivi yanınıza toplayıb. Nə danışdız?
- Mən onlara dedim ki, bu gün qələbəyə çox yaxın idik. Bugünkü oyunda məqsədimiz qələbə qazanmaq idi. Amma sonda da oyunun hesabı ilə və oyunundan razı qaldıq. Buraxdığımız qol çox asan oldu. "Qarabağ"ın futbolçusuna imkan verməli deyildik ki, kənardan qapı önünə ötürmə etsin. Kornerə də çıxarmaq olardı. Elə qarşılamalı idik ki, bizim üçün təhlükə yaranmasın. Əvvəl də vurğuladığım kimi, bu proses davam edir, çalışır daha yaxşı oynayaq. Çalışıram ki, oyunçularıma başa salım ki, onların oynadığı klub böyük klubdur, böyük ənənəyə malikdir. Bu formanı daşımaq özü ağırlıqdır. Buna ciddi yanaşmasalar, lazımı kimi qəbul etməsən çətin olacaq.
- Keçən oyunda da İsmayıl Zülfüqarlını oyuna sonradan daxil edib, əvəzlədiz. Bu gün də, elə oldu...
- Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla qarşı heç bir iradım yoxdur. Ya da digər oyunçuya. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Əgər məni baş məşqçi kimi anlamaq istəsəz, taktiki dəyişiklikdir.
- Gənc oyunçuya psixoloji təsir etməkdən qorxmursuzki?
- Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəz, İsmayıl hər dəfə sonradan da olsa, oyuna daxil olur. Son evdəki oyunumuzda İsmayılın oyunundan narazı qalmışdım. Çalışdım onu həvəsləndirim və nəyi düzgün etməli olduğunu öyrədim. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək.
- Ataa Caberin zədələnməsindən sonra futbolçular sanki qorxdu. Dərhal da qol buraxdınız. Bunu təsiri ola bilər?
- Vaxtım olmadı ki, siz gördüyünüz kimi görüm. Sözün əsl mənasında oyuna konsentrasiya olmuşdum. Futbolda belə şeylər baş verir. Bizim üçün yaxşı an deyildi. Caberə görə də üzülürəm. Futbolçular peşəkardırlar və bilirlər ki, hər an risk baş verə bilər. Bu, bizim həyatımızdı və öyrəşmişik.
- Eddi İsrafilov qayıtdıqdan sonra bu gün fərqli oynadız. Ehtiyatda isə onu əvəzləməyə oyunçu yoxdur. Kimsə zədələnsə, komandanın taleyi necə olacaq?
- Nə edə bilərik? Əlbəttə ki, aparıcı oyunçu zədələnəndə, komandadan ayrı düşəndə, bunu dərhal görmək olur. Çalışırıq ki, bu oyunçuları mütəmadi olaraq məşqlərdə sıxaq ki, qayıtsınlar. Ümid edirəm ki, Fərid Yusifli də zədədən sonra bərpa olunub komandaya qayıdacaq. İsmayıl, Ömər, Mertə də imkan yarandıqca, onlara da şans verirəm. Yaxşı məşqlər edirəm. Bir dəfəyə bu qədər çox oyunçu gətirə bilmərik. Addım-addım etməyə çalışırıq. Bunu etmək üçün imkan və büdcə lazımdır. Əlbəttə ki, biz də iki bərabər səviyyəli heyətimizin olmasını istəyərik. Amma buna görə büdcə lazımdır. Kim "Neftçi"də işləyirsə, hamı bu problemlərdən agahdır. Çalışırıq ki, addım-addım komanda üçün faydalı işlər görək.
- "Qarabağ" ikinci hissədə əsas oyunçularını meydana buraxdı və heç-heçəni əldə etdi. "Neftçi"nin əsas heyəti "Sabah" və "Qarabağ"ın əsas heyətinə qarşı mübarizə apara bilmirsə, Konfrans Liqasında nə edəcək?
- Konfrans Liqasına hələ çox var. Haqlısız. "Qarabağ"a baxsaq, onların ehtiyat qüvvədəki oyunçuları da güclüdür. Qeyd etməlisiz ki, hələ dörd zədəli oyunçuları da var. Hansı ki, ehtiyat skamyada deyildilər. Onlar da çox yaxşı oyunçulardırlar, böyük təcrübəyə malikdirlər. Bu cür oyunlarda özlərini çox yaxşı göstərirlər. Biz də bunun üzərində işləyirik. Bəzi problemləri aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Siz dediyiniz onda baş verə bilər ki, Konfrans Liqasında oynayaq və gəlir əldə edək. Onda daha çox oyunçu cəlb edə bilərik.
- Qışdan sonra "Neftçi"də stabillik var və son 5 oyuna eyni heyətlə çıxır. Oyunun gedişində hücumu gücləndirəcək oyunçu yoxdur. Ehtiyat skamyadan nə qədər razısız? Yeqor Boqomolski və Vato Arveladzedən nə dərəcədən razısız? Ehtiyat skamyadakı hücum potensialı haqda nə düşünürsüz?
- Yeqordan çox razıyam. Xatırlasaz, hücumçu variantı olmadığı zaman "Zirə" ilə kubok görüşündə Yeqor oynadı və qol vurdu. İndi bizdə Mateus var. Bugünkü oyunda heç də pis təsir bağışlamadı. Oyunu ilə onu dəyişməli olduğumuzu göstərmədi. Yeqor çox yaxşı məşq edir və şans alacaq. Vato da uzun müddət zədəli idi. Demək olar ki, Vato komandada olandan ilk dəfədir ayyarımdır bütün məşqlərdə iştirak edir. O da yavaş-yavaş xeyir verəcək. Sezar Meza Kollidən də razıyam. Amma istədiyi formaya gəlməsi üçün zaman lazımdır. Çox yaxşı məşq edir, 3-4 kq çəki atıb, yaxşı formadadır. Oyundan-oyuna daha çox vaxt əldə edəcək.
Qeyd edək ki, “Azərsun Arena”dakı matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.