Laurentsiu Regekampf: "Məğlubiyyət bizim üçün utancvericidir"
20.08.2022 - 22:32
Laurentsiu Regekampf: "Məğlubiyyət bizim üçün utancvericidir"

“Biz tərəfdən çox pis oyun oldu, ürəksiz, həvəssiz alındı. Çoxlu asan səhvlər elədik. Qapımıza 3 penalti təyin olundu".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının III turunda “Sabah”la keçirilən səfər oyunu barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib: “Bu cür hal baş verməməlidir. Çünki komandada kifayət qədər təcrübəli oyunçular var. 3-4 yüz faizlik qol epizodundan yararlana bilmədik. Bugünkü oyun barədə düşünmək lazımdır. Gələn həftə bundan güclü qayıtmalıyıq. Topu özümüzdə saxlamağı planlaşdırmışdıq, amma alınmadı. Bütün günahı müdafiə xəttinin üzərinə atmazdım. Çünki müdafiə dedikdə bütün komanda nəzərdə tutulur. Bu cür qollar buraxmalı deyildik. Mert Çelik gənc oyunçudur, daha çox təcrübə toplamalı və səhvlərindən nəticə çıxarmalıdır. Cərimə meydanında rəqib üzərinə belə şığımazlar. Bu məğlubiyyət həm mənim, həm də oyunçularım üçün utancvericidir. Çox asanlıqla qələbəni rəqibə verdik. Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. Pis oynasaq da, birinci hissədə matçın taleyini həll edə bilərdik. Artıq bu oyunu unudub, irəli baxmalıyıq. Sabahdan bu görüşü analiz edəcəyik".

Baş məşqçi "Sabah"a taktikada uduzmadıqlarını bildirib: "Planımız topa sahib olmaq idi. Futbol fəlsəfəmiz budur. Mərkəzdə çox texnikalı yarımmüdafiəçimiz var. Daha sürətli oynamalıyıq. Amma oyunçularımız ilk yarıda topu ayaqlarında çox saxladılar, hərəkət eləmədilər. Bütün qərarlar çox ləng verildi. Meydanın mərkəzində böyük mübarizəli oyun getdi. Fikrimcə, oyuna asan yanaşmışdıq. Bu mübarizəyə hazır deyildik. Oyunçular haqda tək-tək danışmaq istəmirəm. Bir ailə kimi düşünməliyik".

Regekampf bu cür oynamağın onlara uğursuzluq gətirəcəyini etiraf edib: "Bugünkü kimi oynasaq, hər görüş bizim üçün ağır olacaq. Futbolçular başa düşməlidir ki, "Neftçi"yə qarşı bütün matçlar belə olacaq. Hər bir komanda bizə qarşı vuruşacaq, qaçacaq. Birinci hissədə əlimizə düşən imkanlardan yararlanmırıqsa, bu cür oyunlarda qələbə qazanmaq asan olmur. Fasiləyə 1:0 və 3:0 hesabı ilə öndə getmək arasında fərq var. Bizə tərəf yönələn bütün tənqidləri qəbul etməliyik və başa düşməliyik ki, futbolu ürəklə oynayırlar".

47 yaşlı mütəxəssis məğlubiyyətə görə bütün məsuliyyəti üzərinə götürdüyünü söyləyib: "Bura oyunçularımın arxasında gizlənməyə gəlməmişəm. Nəticədən məsuliyyət daşıyan şəxs mənəm. Taktika, penaltilər haqda danışa bilərsiniz. Amma sual vermək istəyirəm. "Aris" və "Rapid"lə oyunlarımızı bəyənmişdiniz? Onlara qarşı hücumameyilli futbol göstərmişdik. Bu gün də həmin matçı təkrarlamağa çalışdıq. Komandamızda yeni oyunçular var. Mənə elə gəlir ki, yeni transferlər rəqibi ciddi qəbul eləməmişdilər. Yəqin başa düşdülər ki, limiti meydanda qoymasalar, onlara çox çətin olacaq. Oyundan əvvəl də demişdim ki, ciddi olsunlar, burunları yuxarı qalxmasın və yaratdıqları şanslardan yararlansınlar. Həmin oyunçulardan biri də açıq-aşkar qol şanslarından yararlana bilmədi. Baş verənlər oyunçularıma dərs olmalıdır, hər matça ciddi yanaşmalıdırlar. Tarixlə yaşaya bilmərik. Hədəfimiz çempion olmaqdır. Əvvəldən bu məqsəd qoyulub. Amma bu, danışmaqla qazanılacaq bir şey deyil. Uşaqlar başa düşməlidirlər ki, ürəksiz oynamaqla çempionluq əldə etmək mümkün deyil. Sizin önünüzdə oyunçularımı hər zaman müdafiə edəcəyəm. Bilirəm ki, çoxlu söz-söhbətlər olacaq. Amma günahkar mən və futbolçularımdır. Bu gün ciddi yanaşsaydıq, uduzmayacaqdıq".

O, əlavə edib ki, karyerasında buna qədər heç vaxt komandasının qapısına bir matçda 3 penalti verilməyib.

writer photo
Əlirza Əlirzalı
0