Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Laurentsiu Reqekampf mətbuat konfransında iştirak edib.
Apasport.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran rumın məşqçi əvvəlcə oyun haqda fikirlərini bildirib:
– Danışılası çox şey yoxdur. Bu gün şərhsiz olaraq məğlub olduq. Oyundan əvvəl hazırladığımız heç bir şeyi bu gün meydanda etmədik. Bu cür oyunlarda ürəklə oynamaq, qaçmaq, mübarizə aparmaq lazımdır. Bəzən lazımi anlarda foul da etmək olar. Nəticələrə görə üzülürəm. Fanatlar, klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur. Çünki qarşıda bizi “Zirə”yə qarşı kubok oyunu gözləyir. Çox çətin olacaq.
– Ağır məğlubiyyət qlobal olaraq nəyi düşünməyə sizə vadar edir?
– Çox şeyi. Öncə edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah oyunçularla məşqimiz var. Artıq paltardəyimə otağında danışdıq. Hamı üzgündür. Amma bu, kifayət deyil. Oyundan qabaq da danışmışdıq. Oyun boyu ən azı “Qarabağ”la mübarizə aparmadıq.
– Azər Əliyev sağ cinahda mübarizə aparırdı. Digər cinahda isə Azər Salahlı oyunboyu səhvlərlə yadda qaldı. Hamı “Neftçi”nin cinahlarında problem olduğunu deyir. Bu nə vaxt həll ediləcək?
– Lap birinci mətbuat konfransında da demişdim ki, oyunçularım haqda danışmayacağam. Həftəboyu hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin dönəmdən sonra komandaya qayıdıb. Millinin üzvüdür. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Oyunçu yaxşı formada deyilsə, komanda ona kömək olmalıdır. Hazırda çox çətindir. Bu period ərzində bütün yerli oyunçular 100 faiz hazır durumda deyildilər. “Qarabağ”la oyunda elə oyunçular lazımdır ki, təcrübəli futbolçular cinah keçidləri etsin. Ona görə də Salahlı və Əliyevi oynatdıq cinahlarda.
– Qodsvey Donyonu hər dəfə müdafiə edirsiniz. Onun barədə nə deyəcəksiniz?
– Bütün oyunçularımı müdafiə edəcəyəm. Öz oyunçularım haqda danışmayacağam. Mən tərəfdən düzgün çıxmır. Sizin hüququnuzdur ki, oyunu analiz edib fikir bildirəsiniz. İnanın ki, oyunçularımla tez-tez söhbət edirik. Daxildə son dönəmdəki çatışmazlıqlar haqda da danışırıq. Müzakirələr aparırıq ki, qışda qısa vaxtda nələr edə bilərik? Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey barədə biləcəksiniz.
– Bu gün ikinci qoldan sonra “Neftçi” futbolçuları mübarizə apara bilmədilər. Siz onlara başa salırsınız ki, harada oynayırlar?
– Eyni şeyi soruşursunuz.
– Çünki lazım olan cavabları demirsiniz…
– Haqlısınız. Heç bir oyunçunu işarə etməyəcəyəm. Mənim üçün vacib olan komandadır. Doğrudur, 0:2-dən sonra futbol oynamadıq. Söhbət təkcə oyundan getmir. Bayaq vurğuladığım kimi, ürəyimizi meydanda qoymalıyıq. Təcrübəli oyunçularımız var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti üzərinə götürməlidirlər. Qarşıdakı günlərdə oyunçularla bu haqda danışacağam. Başa düşün ki, oyunlarımız var. Ölkə kubokunda “Zirə”yə qarşı vacib matçımız olacaq. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməliyik. Amma sabahdan etibarən bərabər çalışmalıyıq.
– Oyun bitəndən sonra azarkeşlər futbolçuları söhbətə dəvət etdilər. Ora təkcə Emin Mahmudov getdi. O da formanı çıxardı. Niyə siz orada yox idiniz? Emini necə psixoloji durumdan çıxaracaqsınız?
– Fanatların bu oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik.
– “Zirə” ilə oyun üçün çox az vaxt qalıb. Titul qazanmaq və avrokuboklara yollanmaq üçün ən qısa yol kubokdur. Sehrli çubuğunuz var?
– Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Onları oyundan sonra gördüm. Hamısı daxilən əziyyət çəkirdi. Bu, soyuq duş idi. Hər birimiz güzgüdə özümüzə baxıb, analiz etməliyik. Əminliklə deyə bilərəm ki, “Zirə”yə qarşı tamamilə başqa komanda görəcəksiniz.
– Komandanı psixoloji durumdan necə çıxaracaqsınız?
– 0:1 uduzsaydıq da, bu bizə təsir edəcəkdi. Məğlub olandan sonra çətindir. Xüsusən də, titul uğrunda mübarizə aparan komandalara uduzanda çox təsir edir. Ona görə bayaqdan deyirəm ki, soyuq duş aldıq. Oyunu uduzmuşuq. İndi ağlamağa başlamalı deyilik. Kişi kimi davranıb, növbəti oyuna hazırlaşmalıyıq. Yeganə yolu budur. Futbolçularım peşəkardır, təcrübələri var. Bu barədə narahat deyiləm.