“Makkabi”nin baş məşqçisindən “Zirə” ilə oyuna MÜNASİBƏT
06.07.2022 - 12:12
“Makkabi”nin baş məşqçisindən “Zirə” ilə oyuna MÜNASİBƏT

“Hər dəfə mövsümöncəsi yoxlama görüşlərində futbolçuların keyfiyyətinə baxmağa çalışırsan, komanda üçün ən yaxşı metod nədirsə, onun üzərində işləyirsən”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Vladimir İviç “Lokomotiv” (Xorvatiya) üzərində 3:0 hesablı qələbə qazandıqları yoxlama görüşündən sonra deyib.

Serbiyalı mütəxəssis artıq Azərbaycan təmsilçisi ilə matçlar barədə düşündüklərini etiraf edib: “İlk növbədə fiziki hazırlığı artırmalıyıq. Əlimizdən gələni edirik, futbolçular da çox çalışır. Konfrans Liqasında “Zirə” ilə birinci oyuna təxminən bir ay qalmış hazırlığa başladıq. İndiki məqamda bəzi oyunçuları qorumalıyıq”.

İsrail klubunun sükanı arxasına yeni keçən 45 yaşlı çalışdırıcı komandanın mentalitetini, futbolçu heyətini və klubun strukturunu, hədəflərini bildiyini söyləyib: “Mən keçmiş yox, indi və gələcək haqda düşünürəm. Oyunun bütün hissələrini inkişaf etdirməliyik. Artıq təlim-məşq toplanışını başa vurduq, İsrailə qayıdırıq. Orada da çempionatın startının, eləcə də “Zirə” ilə matçın son hazırlıqlarını görəcəyik. Bizi Avropa arenasında çətin mübarizə gözləyir. Həmin görüşə qədər isə görüləsi işlərimiz çoxdur”.

Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də Bakıda, cavab görüşü isə bir həftə sonra Təl-Əvivdə keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0