Maksim Medvedev: "Almeydaya deyirik ki, şampunu ver"
11.01.2023 - 23:29
Maksim Medvedev: "Almeydaya deyirik ki, şampunu ver"

"Futboldan əvvəl akrobatika ilə məşğul olmuşam. Böyük tennisə marağım var. Futbol olmasaydı, həmin idman növü ilə məşğul olardım".

Apasport.az xəbər verir ki, bunu millimizin və "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.

Ansi Aqollidən çox şey öyrəndiyini, ondan lazımi məsləhətlər aldığını bildirəm Medvedev komandadan getməsinə məyus olduğu futbolçuların adlarını çəkib: "Ansi Aqolli, Patrik Andrade və Kadinin getməsinə görə çox üzüldüm. Onlar komandamıza çox fayda verirdi".

33 yaşlı futbolçu örnək götürdüyü futbolçuların müdafiəçilər olduğunu bildirib: "Bunlar Serxyo Ramos, Dani Alvis və İqnatsio Abatedir. Karyeram daha çox Ramosunku ilə oxşardır deyə, mənim kumirim odur. Çünki o da əvvəl mənim kimi sol cinah müdafiəçisi kimi çıxış edib, daha sonra müdafiənin mərkəzində oynayıb".

Şotlandiyada 3:0 qalib gəldikləri "Aberdin"lə matçın onun üçün yaddaqalan olduğunu bildirən Maksim Medvedev "Qarabağ"da gülməli futbolçulardan danışıb: "Marko Veşoviç və Kevin Medina yumor hissi güclü olan futbolçulardır. Onlar hər zaman məşqdə kimisə təqlid edə bilərlər. Rişard Almeyda ilə çox vaxt zarafat edirik. Ona duş kabinəsində deyirik ki, şampunu ver. Halbuki hamı bilir ki, onun saçı yoxdur. O da bundan əsəbləşir".

writer photo
Əlirza Əlirzalı
0