Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə
14.08.2024 - 16:36
Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov apasport.az-a müsahibə verib. 

- Premyer Liqanın 2-ci turunda "Sumqayıt" "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub oldu. Qarşılaşma sizin üçün çox çətin alındı?
- "Turan Tovuz"a qarşı matçlar asan alınmır. Bu dəfə də elə oldu. Bilirsiz, oyunu iki hissəyə bölmək olar. Matça ləng başladıq. Amma fasilədən sonra oyunda diqtə edən tərəf idik. Topa da sahib idik. Epizodlar da yaratdıq. Lakin təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədik. Sonda da əfsuslar olsun ki, uduzduq. 

- Səncə, rəqib meydançasında xal qazanmaq mümkün idi, yoxsa rəqib sizdən çox güclü oynayırdı?
- Bayaq dediyim kimi, Tovuzda oynamaq hər zaman çətindir. Bu, tək bizim üçün yox, bütün komandalar üçün eynidir. Orada heç bir komanda üçün asan olmur. Üstəlik, qol vurdularsa, daha çətin olur. Bu matçda da qol vurdular və lap arxaya oturdular. Belə olan halda isə, müdafiəni yarmaq çətin idi. 

- İlk turda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edə bilmişdiniz. İkinci turda isə məğlubiyyət qeydə alındı. Komandadakı vəziyyət necədir? "Fehervar"la oyunlardan sonra komanda özünə gələ bilib?
- Komandamızda vəziyyət normaldır. Biz ilk turda qalib gəlmişik, ikinci görüşdə uduzmuşuq. Növbəti tura isə yaxşı və mübariz, döyüşkən əhval-ruhiyyə ilə növbəti tura hazırlaşırıq. Artıq həmin oyunlar arxada qaldı. Geriyə baxmağın mənası yoxdur.

- "Fehervar"la matçları xatırlasaq, səncə, Macarıstan klubunu niyə keçə bilməmişdiz? Şanssızlıq olmuşdu, yoxsa onlar sizdən güclü idi?
- Həmin oyunlar da artıq geridə qalıb və gələcək haqda düşünürük. Amma soruşursuzsa deyim. Deməzdim ki, biz "Fehervar"dan nə güclü, nə də zəif idik. Sadəcə oyuna təsir edən məqamlar var idi. Hər iki oyunda mübarizə apardıq.

- Qarşıdakı turdakı rəqibiniz "Səbail" olacaq. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, evdə növbəti qələbənizi qazana biləcəksiz?
- Hazırlığımız davam edir. "Səbail"in yaxşı komanda olduğunu bilirik. Bunu "Neftçi" ilə görüşdə də gördük. Ümumiyyətlə, asan oyun olmur. Sadəcə olaraq, oyunlarda maksimumu verməlisən və qələbə üçün mübarizə aparmalısan. Avrokuboklar qazanmağın yeganə yolu budur.

writer photo
Əlirza Əlirzalı
0