Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
13.11.2023 - 10:48
Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə

“Kəpəz”in hücumçusu, “Qarabağ” və “Araz-Naxçıvan”la matçlarda qol vuran Adama Nianenin apasport.az saytına müsahibəsi 

- “Araz-Naxçıvan”la görüşdə qələbə qazandınız və yeganə qolu da sən vurdun. Görüşlə bağlı fikirlərin necədir?
- Bilirsiz ki, Azər Məmmədov komandanı tərk etdi. Biz oyundan əvvəl qələbəni ona həsr etmək niyyətindəydik. O, çox yaxşı insandır. “Araz-Naxçıvan”la matçdakı qələbəni Azər Məmmədova həsr edirik. Meydana onun üçün çıxmışdıq. Qalib gəldiyimiz üçün şadıq.

- Bəs, bundan əvvəl niyə qələbələr olmurdu? Onda futbolçular Azər Məmmədov üçün oynamırdı?
- Biz daim onunla birlikdəydik. Futboldur da. Bəzən yaxşı nəticə olur, bəzən olmur. Bundan əvvəlki matçlarda da qələbəyə cəhd edirdik, amma alınmırdı. “Araz-Naxçıvan”la görüşdə qələbə qazanmağı bacardıq. 

- Milli komandaların oyunlarına görə ölkə çempionatında fasilə yaranır. Bu komanda üçün yaxşıdır? 
- İşləmək üçün vaxtımız var. Məncə, komanda üçün yaxşıdır. Biz çempionatda hələ döyüşəcəyik, mübarizəmizi davam etdirəcəyik. Bu qələbə azarkeşlərimizə həsr olunur. “Araz-Naxçıvan”la matçda əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra da döyüşəcəyik. Çünki çempionat hələ davam edir və biz daha yaxşı olmağa çalışacağıq. Azarkeşlər də bizə dəstək olurlar. Qələbələri onlara hədiyyə etməliyik.

- Ardıcıl iki turdur ki, qol vurursan. “Qarabağ” və “Araz-Naxçıvan”la matçda fərqlənməyi bacardın. Azərbaycan Premyer Liqasında oynamaq sənin üçün asan gəlir?
- Azərbaycan çempionatı çox çətindir. Yaxşı oyunçular çoxdur. Biz yaxşı oyuna, yaxşı oynamağa fokuslanırıq. Azərbaycan çempionatı fərqlidir. Çalışıram ki, qollar vurmağa davam edim, komandama kömək edim.

- “Şarlerua”da oynadığın dönəmdə sən əsas heyətdə oynayırdın, Viktor Osimhen ehtiyatda otururdu. Sonradan nə dəyişdi ki, sən hazırda “Kəpəz”dəsən, o isə “Napoli”nin ulduzu oldu?
- “Şarlerua”da oynadığım dönəmdə ailəmdə problem yaranmışdı. Mən də ailəmi seçdim və Maliyə yollandım. Həmin vaxtı ailəmin mənə ehtiyacı var idi. Ona görə mən yollandım. Viktor Osimhenin də karyerası elə gətirdi ki, hazırda “Napoli”də oynayır. Ona uğurlar arzulayıram.

- Yenidən həmin səviyyələrə çatmaq realdır?
- Hər şey mümkündür. Futbolda nəyin necə olacağını heç vaxt bilmək olmur. “Qarabağ”ın avrokuboklarda necə oynadığını görürsüz. “Kəpəz”də, Azərbaycanda oynadığım üçün şadam. Çalışacam ki, qollarımı vurum, əlimdən gələni edim. Karyeramın necə alınacağını isə gələcək göstərəcək. Hər halda, mən özümü “Kəpəz”də xoşbəxt hiss edirəm.

writer photo
Əlirza Əlirzalı
0