"Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ
08.10.2023 - 16:29
"Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ

"Qəbələ"nin müdafiəçisi Rauf Hüseynli Apasport.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 9-cu turunda "Səbail"ə məğlubiyyətini şərh edib. 

- "Səbail"lə matçda komandanız uduzdu. Matçla bağlı düşüncələrin necədir? Yəqin ki, qələbə haqda düşünürdüz? 
- Matçda dominant tərəf biz idik. Xeyli də qol imkanlarımız oldu. Yaxşı oynadıq. Amma təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik. Təbii ki, bu matçda da qələbə qazanmaq haqda düşünürdük. Qalib gəlmək üçün qol vurmalısan. Biz isə bunu etməyi bacarmadıq. 
-  Üstün oynasaz da, sonda uduzdunuz. Səncə  ədalətli nəticə bu idi?
- Elədir, üstün futbol oynadıq. Amma buna baxmayaraq tablodakı nəticə fərqli oldu. Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik. 

- Necə oldu ki, Rüfət Abdullazadənin vurduğu zərbənin qarşısını ala bilmədiniz? 
- Rəqibin son dəqiqədəki hücumunun qarşısını ala bilmədik. Halbuki, biz qələbə üçün oynayırdıq. Təəssüf ki, sonda istədiyimiz nəticə yox, tam əksi oldu. 

- "Qəbələ" hazırda 9-cu pillədədi. Hazırki vəziyyətin belə olmasının səbəbini nədə görürsən? Niyə komanda ilk "üçlük"də yox, 9-cu pillədədi?
- Çempionat uzun marafondur. Birinci dövrə uğurlu start götürə bilmədik. Qarşıdakı oyunlarda maksimum nəticə qazanaraq vəziyyətimizi düzəltməyə çalışacağıq. İnanıram ki, edə biləcəyik. 

- Millilərə görə liqada fasilə yarandı. Necə düşünürsən, bu fasilə "Qəbələ" üçün yaxşıdı, yoxsa heç bir fərqi olmayacaq? 
- Milli fasilədə səhvlərimiz və oyunumuz üzərində daha çox işləyəcəyik. Qarşıdan gələn "Araz-Naxçıvan"la oyuna hazırlaşacağıq. İstəyirik ki, həmin matçda qələbə qazanaq. Ümidvaram ki, istəyimiz alınacaq. 

-  Birinci dövrə başa çatdı. Doqquz oyuna 9-cu pillədə olan "Qəbələ" növbəti dövrələrdən sonra avrokuboklar zonasına düşmək mümkün olacaq?
- Bizə qələbə və xallar lazımdır. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, bu dövrə maksimum xal toplayaq. Bunu edə bilərik. 

- Necə düşünürsən, "Omoniya"səddi keçilsəydi, hər şey daha fərqli olacaqdı? Maraqlıdır ki, "Qəbələ" "Omoniya" məğlubiyyətindən, "Sabah" isə "Partizan"məğlubiyyətindən sonra özünə gələ bilmir. Razısan ki, avrokuboklarda uğurlu nəticələr olsaydı, daxili çempionatda da fərqli nəticələr qeydə alınacaqdı? 
- Bu haqda dəqiq fikir deyə bilməyəcəm. Çünki " Omoniya" İlə ilk oyunda çox yaxşı təsir bağışlamışdıq. Sadəcə liqanın başlanğıcında komanda şəklində konsentrasiya çatışmazlığı var idi. Bunu da aradan qaldırmağa çalışacağıq.

writer photo
Əlirza Əlirzalı
0