“Mostarda, oyunun keçiriləcəyi arenada ilk məşqimizi keçirdik. Həm zal, həm də oyun zamanı istifadə olunacaq toplar normaldır”.
Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis futzal üzrə Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunlarına hazırlığın son mərhələsini azfutzal.az saytına açıqlaması zamanı dəyərləndirib. Da Silva Mostarda keçirilən ilk məşqdən sonra komandasından razılıq bildirib: “Komandada atmosfer yaxşıdır, sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz Çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəyəm. Bununla bağlı həkim qərar verəcək. Əslində Ramiz Çovdarovun geri döndüyünü demək olar. O, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib”.
Çalışdırıcı ÇL-dəki oyunlar barədə də fikirlərini bölüşüb: “İlk görüşdə İsveç çempionu “Orebro” ilə qarşılaşacağıq. Çətin oyun olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də matçına bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq. Bütün görüşlər bizim üçün finala bərabər olacaq, ilk oyun isə xüsusilə”.
Qeyd edək ki, 5-ci qrupda yer alan “Araz-Naxçıvan” ilk oyununu sabah Mostardakı “Mithad Hujdur Hujka Arena”da “Orebro”ya qarşı keçirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Azərbaycan çempionu oktyabrın 27-də eyni məkanda “Loznika Qrad” (Serbiya), 29-da isə “Mostar”la (Bosniya və Herseqovina) üz-üzə gələcək.