Rəşad Sadıqov: “Yarımfinaldansa, 1/4 finalda uduzmaq daha yaxşıdır” - MÜSAHİBƏ
22.10.2022 - 21:27
Rəşad Sadıqov: “Yarımfinaldansa, 1/4 finalda uduzmaq daha yaxşıdır” - MÜSAHİBƏ

“Hələ oyundan əvvəl futbolçularla danışanda demişdim ki, bizim üçün asan olmayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XI turunda “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sumqayıt”ın istər “Kəpəz”, istərsə də “Qarabağ”la son matçlarında oyun planındakı yüksəlişi hiss olunurdu. Samir Abasovun gəlişindən sonra inkişaf açıq-aşkar görünürdü. “Sumqayıt” daha aqressiv oynayırdı. Bilirdik ki, bizim üçün ağır səfər olacaq. Əslində görüşə yaxşı başladıq, fərqləndik. Ondan sonra bir az passivləşdik, rəqibə daha rahat oynamaq imkanı verdik. Ancaq ikinci hissədə, xüsusən də, dəyişikliklərdən sonra dinamikamız, aqressiyamız artdı. Həmin dönəmdəki çıxışdan daha razı qaldım. İkinci qoldan sonra da epizodlarımız oldu. Yenə fərqlənib sonluğu daha rahat gətirə bilərdik. Olduqca vacib qələbə qazandıq. Sumqayıt səfəri həmişə çətin olub”.

- Sertan Taşkın sanki oyunlara sonradan girəndə daha faydalı olur...
- Elə futbolçular olur ki, oyuna sonradan girəndə özünü daha rahat hiss edir. Sertan da o futbolçulardandır ki, 30-35 dəqiqə vaxt verəndə özünü daha əmin hiss edir. Bu il də onun hücum planında inkişaf görünür. Hazırda hücum xəttində də müəyyən problemlərimiz var. Toni Qomes və Hamidu Keyta zədəlidir. Coşqun Diniyevi də əlavə eləsək, sonradan hücumu gücləndirəcək futbolçu yox idi. Sertandan yararlandıq, o da etimadı doğrultdu.

- Toni Qomes və Hamidu Keytanın durumu nə yerdədir?
- Zədəli oyunçuların nə zaman komandaya qoşulacağı dəqiq bilinmir. Həkimlər 2-3 həftə vaxt qoymuşdular. Müalicənin gedişinə baxacağıq. İkisində də əzələ dartılmasıdır. Müalicənin necə gedəcəyi də çox önəmlidir. Həkimlərlə məsləhətləşəcəyik. Çalışacağıq ki, risk etməyək, tam sağalmalarını gözləyək.

- Bəhmən Həsənov mətbuata açıqlamasında bildirib ki, Rəşad Sadıqovdan “Zirə” karyerasında daha uğurlu nəticə gözləyirdim. Özünüz “Zirə”dəki karyeranızdan razısınız?
- Səndən çox gözləntilərin olması adamı sevindirir. “Neftçi”nin çempion olduğu ilk ilimdə bu komanda möhtəşəm idi. Həmçinin “Qarabağ”ı da nəzərə almaq lazımdır. Mövsümboyu ilk “üçlük”də getmişdik. Həm çempionatda, həm də ölkə kubokunda qarşılaşdığımız müəyyən haqsızlıqlar var idi. Finaldan necə məhrum olmağımız hamının yaddaşındadır. Ötən mövsüm 3-cü yeri tutduq, kubokda finala çıxdıq. Mövsümü bizdən irəlidə yenə “Neftçi” və “Qarabağ” bitirdi. Düşünürəm ki, nəticə baxımından maksimumu edə bilmişik. Təbii ki, daha yaxşı ola bilərdi. Müəyyən reallıqları da nəzərə almalıyıq. Bəhmən Həsənovun məndən çox şey gözləməsi məni sevindirir.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bunu 6 xallıq oyun saymaq olar?
- Turnir cədvəli və xal baxımından bizim üçün önəmli oyun olacaq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda qazanacağın hər xal dəyərlidir. Müəyyən itkilərlə hazırlaşcağıq. Hacıağa Hacılı da bu gün cəzalı duruma düşdü. Əlimizdən gələni edəcəyik. Təkcə turnir cədvəlinə görə yox, ümumiyyətlə, qazanılan xallar bizim üçün çox önəmlidir. Qarşımıza mütləq 2-3-cü yeri tutmalıyıq hədəfi qoymamışıq. Amma mümkün qədər irəliləməyi planlaşdırırıq. “Neftçi” ilə görüşə 6 xallıq oyun gözü ilə baxmırıq. Demirik ki, “Neftçi” üzərində qələbə qazansaq ikinci və ya üçüncü yer uğrunda mübarizəmiz daha da artacaq. Daha çox oyunu düşünəcəyik.

- Azərbaycan kubokunda “Mingəçevir”i keçdikdən sonra böyük ehtimalla “Neftçi” ilə qarşılaşacaqsınız. Yenidən finala qədər irəliləmək nə qədər realdır?
- Artıq üçüncü ildir ki, “Zirə”nin baş məşqçisiyəm. “Mingəçevir”i keçsək, potensial rəqib olaraq “Neftçi” görünür. Maraqlı mübarizə olacaq. Hər iki komanda kubokda irəliləmək istəyir. Yarımfinalda uduzmaqdansa, ¼ finalda məğlub olmaq daha yaxşıdır. Seçim eləməli olsam, “Neftçi” ilə yarımfinalda yox, ¼ finalda qarşılaşmağı üstün tutardım. Yarımfinalda daha çox güc sərf edirsən, 3-4 gündən bir oyuna çıxırsan. “Neftçi” kubokun favoritlərindən biridir. Bəlkə də, erkən qarşılaşmamız daha yaxşıdır.

writer photo
Əlirza Əlirzalı
0