Natan Oduva: “Onların işini çətinləşdirməyə çalışacağıq” - MÜSAHİBƏ
06.12.2022 - 17:30
Natan Oduva: “Onların işini çətinləşdirməyə çalışacağıq” - MÜSAHİBƏ

“Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvanın apasport.az saytına müsahibəsi 

- Son turda "Zirə"yə məğlub oldunuz. Hər iki qolu ikinci yarıda buraxdınız. Səncə, "Turan Tovuz" niyə uduzdu?
- “Zirə” həqiqətən də yaxşı oynadı. Bu cür qollar buraxmaq üzücüdür. Xüsusən də, komanda uzun müddət yaxşı və möhkəm müdafiə olunduqda. Amma təəssüflər olsun ki, sonda uduzduq.

- Səncə "Zirə" ilə görüşdə ən azından bir xala layiq deyildiz?
- Hesabın heç vaxt yalan demədiyinə inanan biriyəm. Təbii ki, xal üçün mübarizə aparırdıq. Amma nəticə bu cür oldu. 

- "Turan Tovuz" artıq 4 turdur ki, qalib gələ bilmir. Bunu nə ilə əlaqələndirirsən? 
- Hər kəs yadda saxlamalıdır ki, biz yeni komandayıq. Ona görə bu cür nəticələrin olması normaldır. Futbolda pis dövrlərdən keçid olur. Növbəti oyunumuz “Kəpəz”ə qarşıdır. Həmin matçdan başlayaraq işləri yoluna qoymaq üçün çox çalışırıq.
 
- Ölkə kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə qarşılaşacaqsınız. Yarımfinala adlamaq şanslarınızı necə dəyərləndirirsən? 
- Əslində, hər iki komanda üçün yaxşı fürsətdir. Onlar bizim işimizi, biz də onların işini çətinləşdirməyə çalışacağıq. Necə alınacaq, bunu artıq zaman və oyunlar göstərəcək. Biz yaxşı hazırlaşırıq, əlimizdən gələni edəcəyik. 

- "Turan Tovuz"un futbolçuları tez-tez zədələnir. Zədəli oyunçularınız çoxdur. Bunu Tovuz şəhər stadionunun meydançasının süni örtüklü olması ilə əlaqələndirmək olar?
- Biz yalnız nəzarət edə biləcəyimiz şeylərə diqqət yetirə bilərik. Oynadığımız meydança mənim nəzarətimdə deyil. Həm də əminəm ki, zədələrdən əziyyət çəkən yeganə komanda biz deyilik. Bu, oyunun bir hissəsidir, zədəli oyunçular üzərində dayana bilmərik, işləməyə və mübarizəyə davam etməliyik. 

- Yeri gəlmişkən, İngiltərə yığması Seneqala qalib gələrək 1/4 finala vəsiqə qazandı. Həmin oyunda İngiltərənin qarşısıalınmaz olması barədə fikrin necədir?
- Əlbəttə ki, fikrim yaxşıdır. Çünki İngiltərə Seneqala qarşı çox yaxşı futbol nümayiş etdirdi. Doğrudur, Seneqalda öz ulduzları Sadio Manenin yoxluğu hiss olunurdu. Amma istənilən halda, sona qədər mübarizə apardılar. Hər halda, İngiltərə çox güclüdür və şadam ki, qalib gəldilər. 

- Necə düşünürsən, İngiltərə 1/4 finalda Fransa səddini keçə biləcək? İngiltərə millisinin dünya kubokunu qazanmaq şansı nə qədərdir?
- Fikrimcə, İngiltərə turnirin ən yaxşı millisi ilə qarşılaşacaq. Əla oyun olacaq. Fransaya qarşı matç İngiltərə millisinin turnirdə nə qədər irəliləyə biləcəyini görmək üçün də əlverişli olacaq. İngiltərə millisinin də güclü oyunçuları var ki, Fransaya problemlər yarada bilər. Lakin bu, dünya çempionatıdır və bu oyunlarda hər şey mümkündür.

writer photo
Əlirza Əlirzalı
0