"Neftçi"nin sabiq forvardı və məşqçisi Nazim Əliyev Apasport.az saytına açıqlama verib. O, "ağ-qaralar"ın bu mövsümkü çıxışı haqda fikirlərini bildirib. Bununla yanaşı, veteran hücumçu "Neftçi"nin Premyer Liqanın 32-ci turundakı "Turan Tovuz" üzərindəki qələbəsini şərh edib:
"Neftçi" "Turan Tovuz"la matçda yaxşı təsir bağışladı və nəticədə layiqli qələbəsini qazandı. Son turlara yaxın gərginlik artır. Buradan uğurla, təmkinlə çıxan təbii ki, istəyinə də çatacaq. "Neftçi" ümumilikdə bu mövsüm çox çətinlik çəkdi. Mövsümün əvvəlində baş məşqçi gəldi, sonra onu dəyişdilər, yeni baş məşqçi dəvət etdilər. Futbolçular da yeni gəlmişdi. Onlar da yeni-yeni baş məşqçinin dediklərini qavrayırdılar ki, başqa fəlsəfəyə keçdilər, çünki yeni çalışdırıcı gəldi. Bir fəlsəfədən digər fəlsəfəyə keçmək çətindir. Mən də futbolçu olmuşam, görmüşəm bunları, həmin anları yaşamışam. Çətindir. “Neftçi” bəlkə də bu mövsüm istədikləri tam formaya çata bilmədi. Çünki dəyişikliklər oldu, futbolçular yenidir.
Hər halda, "Neftçi"nin çətin də olsa, son 4 turda lazımı nəticələri qazanaraq avrokuboklara vəsiqə qazanacağına inanıram. Çünki heyəti genişdir. Təbii ki, yeni mövsüm daha yaxşı nəticə və daha yaxşı oyun gözlənilir "Neftçi"dən. O artıq yayda bəlli olmalıdır. Mən bu komandanın avrokuboklara vəsiqə qazanacağına və yaydan sonra işlərin daha yaxşı gedəcəyinə inanıram".