Bu gün Misli Premyer Liqasının daha bir mükafatçısı müəyyənləşə bilər.
Apasport.az saytının məlumatına görə, “Neftçi” ilk “üçlük”də yerini təmin edərək mükafatlardan birini və Avropaya vəsiqəni özəlləşdirən “Qarabağ”la “Sabah”a qoşulmaq imkanına malikdir.
Bakı klubu bunu XXIX turun “Sumqayıt”la matçda rəsmiləşdirməyə yaxındır. Lautentsiu Regekampfın yetirmələri bunun üçün bu gün “Kapital Bank Arena”da qalib gəlməlidir.
Sumqayıtda qələbə qazansa, “ağ-qaralar” xal hesabını 60-a çatdıracaq. Beləliklə, 4-cü olan “Qəbələ” və 5-ci yerdəki “Zirə”nin mükafat ümidi qalmayacaq. Qəsəbə klubunun 38, bölgə təmsilçisinin 39 xalı var.
Düzdür, “Qəbələ” xal hesabında “Neftçi”yə çatmaq üçün nəzərə şansa malikdir. Lakin bakılılar şəxsi oyunlarda üstündür - 2:1, 2:0, 0:0. Dördüncü dueldə məğlubiyyət də bu üstünlüyü dəyişməyəcək. Bu isə o deməkdir ki, paytaxt klubu sona 7 tur qalmış avrokuboklar planı cızmağa başlamaq imkanı əldə edəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.