“Hər ölkədə pandemiya ilə bağlı bəzi məhdudiyyətlər olsa da, Azərbaycan tez bir zamanda yarışlara qatıldı”.
Apasport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) rəsmisi Nevzat Varol jurnalistlərə açıqlamasında bildirib.
O, ölkəmizin idman sahəsində çox böyük addımlarla irəlilədiyini dilə gətirib: “İdman şəhəri Bakıda olmaqdan çox məmnunam. Azərbaycan prezidenti hər zaman bizə dəstək olduğu üçün çox böyük işlər görüldü. İlk dəfə Azərbaycan 2004-cü ildə cüdo üzrə dünya çempionatını uğurla çıxış etdi. 2006-cı ildə də həmin çempionatda Azərbaycan 1-ci oldu. Hərbçilər arasında ilk idman yarışını isə 2013-cü ildə çox uğurlu nəticələrlə başa vurdu. Azərbaycan Silahlı Qüvvələri və AFFA-nın təşkilatçılığı ilə dünya çempionatı keçirildi. Hər şeyi yüksək səviyyədə həyata keçirdik”.
Nümayəndə həmçinin baş tutacaq çempionatın mükəmməl səviyyədə keçəcəyinə inandığını deyib: “Beynəlxalq Olimpiya Komitəsinin əksər üzvləri pandemiya ilə bağlı bəzi fəaliyyətlərinə ara verdi. Bəzi ölkələr bu fəaliyyətləri hələ tam bərpa etməsə də, Azərbaycan bunu çox qısa zamanda bacardı. 6 ay əvvəl bu yarışın Bakıda keçirilməsinə qərar verildi. Hər şey mükəmməl olaraq hazırlanıb. Biz, əminik ki, Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə bu çempionat yüksək səviyyədə keçiriləcək”.
Qeyd edək ki, 27 noyabr -3 dekabr Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hərbiçilərin 36- cı dünya çempionatı baş tutacaq. Yarış "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.