Novruz Əzimov: "Mən bu komandaya gələrkən səhv etdim..." – Müsahibə
13.12.2023 - 10:07
Novruz Əzimov: "Mən bu komandaya gələrkən səhv etdim..." – Müsahibə

"Neftçi"nin sabiq oyunçusu Novruz Əzimovun apasport.az saytına müsahibəsi: 

-Cari mövsüm Premyer Liqada daha çox rəqabət var. Bu, bəzi komandaların şanslı olması ilə bağlıdır, yoxsa digərlərinin gözləniləndən aşağı çıxış etməsi ilə? 
-Bəli, doğrudan da rəqabət var. Bəzi komandaların şanslı yox, favorit komandaların qeyri-stabil çıxış etmələri belə nəticələrə səbəb olur. Hər bir komanda istənilən rəqibə qarşı oyunda qələbə qazanmaq qabiliyyətinə malikdir. Sözsüz ki, "Qarabağ" istisna olmaqla. Bu mövsüm "Qarabağ"ın itirdiyi xalların səbəbi Avroliqada çıxış etməsiylə bağlıdır. Hər bir halda, çempionat maraqlı gedir. 

- Bir vaxtlar futbolçusu olduğunuz “Neftçi”nin çıxışını və yeni baş məşqçisi Adrian Mutunun fəaliyyətini necə dəyərləndirirsiniz? 
- Əksər komandalarda qeyri-stabil çıxışlar var ki, "Neftçi" də bunun bariz nümunəsidir. Komandanın bəzi oyunlarda gözləniləndən çox aşağı səviyyədə çıxış etməsi, lakin bəzən daha gözəl oyun nümayiş etdirməsini müşahidə edirik. "Neftçi"nin potensialı daha yüksəkdir. Cəlb edilmiş futbolçuların seçilməsində Adrian Mutunun rolu olmayıb. Mutunun fikri ilə razılaşdırılmamış futbolçular da komandaya cəlb olunub. Buna görə də Adrian Mutu vaxt gələndə deyə biləcək ki, bu komandanın formalaşmasını mən özüm həyata keçirməmişəm. Düzdür, axırıncı turda “Turan” üzərində 3:2 hesablı qələbə qazanaraq üçüncü pilləyə yüksəldilər. Ancaq, "Neftçi" bundan daha artığına layiqdir. İnanıram ki, bu dövrdə daha gözəl oyunların şahidi olacağıq. Uğurlar arzulayıram. 

-Ölkəmizi Avropa Liqasında uğurla təmsil edən “Qarabağ”ın yenidən Premyer Liqada çempion olacağı fikri ilə razısız? Sizcə, favoritə hansı komanda başağrı ola bilər? 
-50 faiz ehtimalla "Qarabağ"ın yenidən ölkə çempionu olacağına inanıram. Favorit "Sabah", "Neftçi", "Zirə"dir. Sözsüz ki, "Səbail" bu komandalarla oyunlarda başağrı ola bilər. Ancaq, "Qarabağ"ın çempion olmaq şansı daha yüksək olduğundan, çempionluq uğrunda yarışda heç kimə məğlub olmayacaq. 

-“Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə qiymətləndirirsiniz? Sizcə, komanda “Hakken”lə dueldə pley-off şansından yararlana biləcək? 
- Məncə yararlanacaq. Və bütün Azərbaycan futbol ictimaiyyətini sevindirəcək.

-Mövsümün aşkar autsayderi “Kəpəz” və "Qəbələ" Premyer Liqanı tərk etməyə əsas namizədlərdir. Sizcə, qış fasiləsində hansı dəyişikliklər ola bilər? 
- Aşkar autsayder fikriylə razı deyiləm. Qış fasiləsindən sonra daha böyük dəyişikliklər ola bilər. Bu iki komandadan çox "Turan Tovuz" elitanı tərk etməyə daha yaxındır. "Kəpəz" və yaxud "Qəbələ" heyətlərinə daha lazımlı oyunçular qata bilsələr və işləri düzgün təşkil edə bilsələr, həmin komandalar liqada qala bilər.

-“Dinamo”da baş məşqçilikdən istefanız gözlənilməz oldu... 
- Mən bu komandaya gələrkən səhv etdim, gedərkən səhv etmədim. Bəzən profilaktik tədbir kimi belə bir gediş lazımdır. İstefam 9:0 hesablı məğlubiyyətdən sonra oldu. Bir komanda 2:3 uduza, hətta 4:0 da uduza bilər. Burada sözsüz ki, məşqçinin səhvləri ola bilər. Ancaq 9:0 hesabı ilə uduzmaq sırf məşqçinin günahı deyil. Yəqin ki, futbol insanları, böyük futbolun içində olan adamlar mənim fikrimi başa düşərlər. 

-Klubun sonrakı taleyi sizdə şübhə yaratdı yoxsa? 
-“Dinamo”nun gələcək taleyi məndə şübhə yaratmır. İnanıram ki, bu komanda get-gedə daha da güclənəcək, daha yaxşı futbol nümayiş etdirəcək. Komandanın daha istəkli, daha yaxşı oynamasını zamanla göəcəyik. "Dinamo" ilk dəfə yarananda, şəxsən mənim yaratdığım komanda ilk ildəcə Avrokuboklara vəsiqə qazanndı. Amma, indi gördüm daha mürəkkəb vəziyyətdir. Bütün komandalar formalaşdıqdan sonra Dinamo yarandı, heyət komplektləşmədi. Hal-hazırda da bu yolda işlər gedir, inanıram ki, gələcəkdə yuxarı liqaya yüksələn komandalardan biri olacaq və "Dinamo" klubunun Azərbaycan futbolunda göstərdiyi uğurlara yeni nailiyyətlər əlavə olunacaq.

writer photo
Əlirza Əlirzalı
0