Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib.
Apasport.az saytının məlumatına görə, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.
Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti, Taleh Nəsibov isə vitse-prezidenti seçilib.
AMF-nin prezidenti göstərilən etimad üçün təşəkkür edib, federasiyanın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa minifutbol reytinqində 1-ci, dünya reytinqində isə 5-ci yerdədir. Milli komandamız bu ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında da medallar uğrunda mübarizə aparacaq.
Gənclər və idman naziri çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.