Ozan Can Kökçü: “Pis kimi görürsənsə, onda deyəcək kəlmə yoxdur” - MÜSAHİBƏ
30.01.2023 - 12:43
Ozan Can Kökçü: “Pis kimi görürsənsə, onda deyəcək kəlmə yoxdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Eyndhoven”in yarımmüdafiəçisi Ozan Can Kökçü apasport.az saytına müsahibəsi.

- Niderland çempionatında "Herakles"la oyunda meydana çıxdın. Qarşılaşma sizin üçün necə alındı?
- Bu komanda liqanın ən güclü komandalarından biridir. Amma biz də zəif deyilik. Rəqibin zəif nöqtələrini bilirdik. Həmlələrimizi də ona görə etdik. Baş hakimin komandamızın üç futbolçusuna qırmızı vərəqə göstərməsinə rəğmən qələbə qazana bildik. Əzimkarlıq göstərdim, komandam üçün əlimdən gələni etdim.

- Hər halda turnir cədvəlində sizdən yuxarıda qərarlaşan komandanı məğlub etdiniz. Əsas liqaya yüksəlmək şanslarınızı necə dəyərləndirirsən?
- Bəli, "Herakles" yüksək liqaya çıxmaq istəyən güclü komandadır. Biz üçüncü yerdəyik və üçlü xal hesablamasına görə şansımız yüksəkdir. Sona qədər əlimizdən gələni edəcəyik. Ümidvaram ki, bunu həyata keçirəcəyik.

- Azərbaycan millisində oynamağın klubundakı karyerana necə təsir edir? 
- Komandada mənimlə bərabər yığmada oynayan üç futbolçu var. Əlbəttə ki, millidə oynamağımız təcrübə olaraq bizə təsir edir.

- Maraqlıdır, "Eyndhoven"in baş məşqçisi Azərbaycan millisindəki oyunlarınla, vəziyyətinlə bağlı maraqlanır?
- Komandanın baş məşqçisi ilə çox yaxşı söhbətlərimiz, danışıqlarımız olur. Millidə nələr etdiyimizi, inkişafımız haqda danışırıq. Özü də çıxışımızı yaxından izləyir. 

- Millidən söz düşmüşkən, yığmanı qarşıda oyunlar gözləyir. Yığmanın son 5 görüşdəki qələbəsi haqda fikrin necədir?
- Komanda olaraq çox yaxşı atmosfer əldə etmişik, gedişat çox yaxşıdır. Baş məşqçimiz, bütün kollektiv, komanda yoldaşlarım inamlıdır. Mehriban kollektivimiz var, hamımız arasında yaxşı münasibət hökm sürür. Bunlar hamısı önəmli məsələlərdir. 

- Amma bu qələbələrin təsadüf və vacib olmadığını düşünənlər də az deyil. Bu barədə fikrin necədir? 
- Yaxşı olan şeyləri yaxşı görmək istəyirsənsə, o zaman hər şey yaxşıdır. Əgər pis kimi görürsənsə, onda deyəcək kəlmə yoxdur. Hər halda, hər fikrə hörmətlə yanaşıram. 

- Yığma martda İsveç və Avstriya yığmaları ilə qarşılaşacaq. Rəqibləri və yığmamızın qrupdakı şanslarını necə dəyərləndirirsən? Səncə, sürpriz edərək final mərhələlərinə vəsiqə qazana bilərsiniz?
- Hədəfimizin o yöndə olmasını arzu edirəm. Mübarizə apararaq istəklərimizə çatacağımıza inanıram. Komanda olaraq əlimizdən gələni edəcəyik. 

- Maraqlıdır, bu qış Avropa klublarından təkliflər almışdın? Almışdınsa, niyə qalmaq qərarı verdin?
- Təbii ki, təkliflərim var idi. Amma təklifləri mənim üçün dəyərləndirən kollektiv var. İstəyim "Eyndhoven"lə mövsüm sonunda yüksək liqaya çıxmaqdır.

writer photo
Əlirza Əlirzalı
0