Para badmintonçumuz gümüş medal qazanıb
08.07.2024 - 13:25
Para badmintonçumuz gümüş medal qazanıb

Para badmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə gümüş medal qazanıb!

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Dünya reytinqində 14-cü olan, Avropada isə "top-5"də qərarlaşan İbrahim Əliyev kişi para badmintonçuların şəxsi yarışında "A" qrupunu lider başa vuraraq uğurlu çıxışının davamını pley-offda da gətirib. 1/4 və yarımfinal görüşlərində də qələbə qazanan İbrahim finalda hindistanlı rəqibi Jatin Azada 0:2 (14-21,16-21) hesabı ilə uduzub.

Para badmintonçumuz kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında məğlub olub.

Qrupda 2 qələbə qazanaraq yarımfinala adlayan İbrahim Əliyev - Karan Paneer (Hindistan) cütü burada 3 setin yekununda Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib.
 
Həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan görüş də gərgin mübarizə şəraitində keçərək 3 set davam edib - 17-21, 21-18, 10-21

Qeyd edək ki, İbrahim Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl olaraq üçüncü il mükafatçılar sırasında yer almağı bacarıb. 2022-də şəxsidə bürünc, 2023-də şəxsidə bürünc, qoşa yarışında isə gümüş medal qazanıb.
 
 

writer photo
Əlirza Əlirzalı
0