Pedro Çirivelya 3:0 hesablı qələbə istəyirmiş
28.10.2022 - 10:00
Pedro Çirivelya 3:0 hesablı qələbə istəyirmiş

“Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda sevincimdən dəli kimi qaçdım. İqnatius Qanaqo cərimə meydanında böyük təhlükəyə çevrilir. Ona görə çox xoşbəxtəm, çünki buna layiqdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın yarımmüdafiəçisi Pedro Çirivelya Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

İspaniyalı futbolçu “Qarabağ” haqda müsbət fikirlər səsləndirib. 25 yaşlı orta sahə oyunçusu layiqli qələbə qazandıqlarını söyləyib: “Sona qədər təslim olmadıq. Hər şeydən əvvəl böyük fiziki güc sərf etdik. Çünki “Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı oynamaq çətindir. Topla oynamağı sevirlər, fiziki cəhətdən güclüdürlər. Mental baxımından eyni səviyyədəydik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Ssenari emosional alındı. Təbii ki, 3:0 hesabı ilə qalib gəlmək də yaxşı olardı. Emosiyalar yaradan fantastik matç oldu”.

Çirivelya indi bütün diqqətlərini son tura yönəldəcəklərini bildirib: “İşlərimizin yaxşı getmədiyi bir ayı geridə qoyduq. Ötən il olduğu kimi, yenə toparlanmağı bacardıq. İndi çox xoşbəxtik, çünki ən azı üçüncü yeri tutacağımıza əminik. Fevralda da avrokubok həyəcanı yaşamaq üçün qalib gəlmək istəyirdik. Birinci hissədə çətinlik çəksək də, qol vurduq. Hazırda ikinci yerə də şansımız var”.

Qeyd edək ki, hazırda “Qarabağ” 7 xalla ikinci, “Nant” isə 6 xalla üçüncü sıradadır. Noyabrın 3-də keçiriləcək son turda “Qarabağ” “Frayburq”u qəbul edəcək, “Nant” isə “Olimpiakos”un qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0