“Favorit olaraq Braziliyanı görürəm. Hesab edirəm ki, onlar dünya çempionatının ən güclü komandasıdır”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın aparıcı futbolçusu Qara Qarayev Qətərdə baş tutacaq dünya çempionatı ilə bağlı fikirlərini bildirərkən deyib.
Ağdam klubunun vitse-kapitanı DÇ-2022-də uğur qazanmasını arzuladığı komandanın adını da açıqlayıb. O, İspaniyanı dəstəkləyəcəyini söyləyib: “Azarkeşlik etdiyim konkret komanda yoxdur. Amma oyun üslubuna görə hər zaman İspaniya yığmasına və onların futboluna simpatiyam olub. Bu turnirdə də İspaniya millisinin uğur qazanmasını istəyirəm”.
Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatının açılış oyununda həmin gün ev sahibi Qətərlə Ekvador qarşılaşacaq. 60 min tamaşaçı tutumuna malik “El-Bayt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.