Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama görüşü keçirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini günorta saatlarında bir, axşam isə digər matçda sınayıb.
Azərbaycan çempionu əvvəlcə Almaniyanın Bundesliqa II təmsilçisi “Holştayn Kiel”lə qarşılaşıb. “Sankt-Ulrix” stadionunda keçirilən oyuna sürətli başlayan ağdamlılar birinci hissədə rəqib qapısından iki cavabsız top keçirib. Lakin Qurbanovun kollektivi fasilədən sonra iki top buraxaraq bu üstünlüyü əldən verib.
Ağdamlılar hazırlıq çərçivəsində son yoxlama görüşünü isə “Universitatya Krayova”ya qarşı keçirib. Rumıniya klubu ilə matç “Yenbax” stadionunda olub. Bu dəfə də matçda hesabı təmsilçimiz açsa da, sonda heç-heçə ilə kifayətlənməli olub.
İyulun 3-dək Avstriyada məşqlərini davam etdirəcək “Qarabağ” həmin gün Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyun üçün oradan birbaşa Polşaya yollanacaq. Ölkə çempionu iyulun 5-də Poznanda “Lex”in qonağı olacaq.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə “Botoşani”ni (Rumıniya) 4:0 hesabı ilə məğlub edib.
Yoldaşlıq görüşləri
29 iyun
14:00. “Qarabağ” - “Holştayn Kiel” (Almaniya) - 2:2
Qollar: Ramil Şeydayev, 28, 45 (pen.)
“Sankt-Ulrix” stadionu
20:30. “Qarabağ” - “Universitatya Krayova” (Rumıniya) 1:1
Qol: Filip Ozobiç, 16
“Yenbax” stadionu