UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk matçını keçirən "Qarabağ" evdə Bolqarıstanın "Ludoqorets" klubuna məğlub olub.
Apasport.az xəbər verir ki, görüşdən sonra təşkil olunmuş mətbuat konfransında "köhlən atların" baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Həqiqətən, bərk komandaya qarşı oynadıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki özəllikləri yaxşı olan komandaya qarşı oynayırdıq. İlk hissədir. İkinci hissə Bolqarıstanda olacaq. Ora qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. Yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm.
- Dünən dediz ki, oyuna tam hazırlaşa bilməmişik. Səfərdəki oyundan əvvəl də çempionat matçı var. Hansısa tədbir görəcəksiz?
- Xeyr, hazırda belə fikrimiz yoxdur. Digər oyunçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olmasına ehtiyac var. Növbəti oyunu da oynayacağıq.
- Sizə elə gəlmir ki, futbol ictimaiyyəti, media "Ludoqorets"i çox kiçiltmişdi?
- Fikirlər fərqlidir, amma əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Amma oyunçularımı onlardan zəif saymıram. Futbolçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi daha yaxından tanıdıq. Səfərdə istədiyimiz, düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik.
- Hakimlərin qərarlarından narazı idiz?
- Narazılıq edirdim. Bəlkə, kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı. Sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Rəqibə bir az simpatiya hiss olunurdu.
- Birinci hissədə üstünlük bizdə idi, ikinci yarıda nəsə çatışmırdı. Qırılma nöqtəsi nə idi ki, hesabda geri düşdük?
- 90 dəqiqə bu cür rəqibə qarşı eyni tempdə oynaya bilmərik. Rəqibin öz oyun üslubu var. Bir neçə epizodda rəqibin hücumunun qarşısını ala bilmədik. Evdə oynayırdıq, hücuma daha çox fikir verirdik.
- Şahruddin zədələnib. Cavab matçına hazır olacaq?
- Qarşıdakı oyunda bilmirəm, çünki sabaha, birigünə tam məlumat gələcək. Ola bilər, daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktual oldu. Çox ciddi danışıqlar, axtarışlar gedir, amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.
- Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiz?
- Normal. Adaptasiya olur.
- Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?
- Birinci təcrübə idi, ikinci oyunçuların fərdi ustalığı. Sürətli, dinamik, fiziki cəhətdən güclü idi. Müdafiədə 90 dəqiqə oynamağı bacaran komanda idi. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və daha dəqiq oynamağa çalışacağıq.