Qurban Qurbanov: "Oyunçu cəlb edilməsi yönündə iş gedir" – MÜSAHİBƏ
13.12.2022 - 22:00
Qurban Qurbanov: "Oyunçu cəlb edilməsi yönündə iş gedir" – MÜSAHİBƏ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunun "Qəbələ" ilə matçından (1:0) sonra mətbuat konfransına çıxıb.

Apasport.az saytının xəbərinə görə, 50 yaşlı məşqçi öncə oyun barədə fikirlərini bildirib:

– Dünyasını dəyişən jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin, ailəsinə səbir diləyirəm. Bizim üçün çox vacib oyun idi. Sonlara doğru komandada istər-istəməz fiziki və psixoloji yorğunluq olur. Bu gün futbolçularım meydanda yaxşı mübarizə apardılar. Ola bilər ki, bəzi düşündüklərimiz alınmadı, amma buna baxmayaraq, sona kimi yaxşı mübarizə apardıq. Futbolçular qalib gəlmək üçün çox güc sərf etdilər. Son vaxtlar yaxşı formada olan bir komandaya qarşı oynadıq. "Qəbələ"nin oyunçuları bir-birilərini çox rahat anlayırlar. Kubok oyununda da, bu gün də bunun şahidi olduq. Vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Təəssüf ki, atmosfer baxımından sanki sıradan bir oyun idi. Azarkeşlər az idi. Amma işimiz budur. İşimizdə məsuliyyətli və diqqətli olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq. 

– Məhsuldarlığın aşağı düşməsi nə ilə bağlıdır?
– Bəzi fikirlər söyləmək olar. Bəlkə də təsadüf demək düzgün çıxmaz. Yorğunluq var idi. Bu get-gedə qaydasına düşür. Futbolçular özlərinə gəlirlər. Ola bilər motivasiya da bir o qədər yoxdur. Avrokuboklarda 30 min azarkeş qarşısında oynayırıq. Bu gün tribunada nə qədər adam olduğunu saymaq olardı. Futbolu sevdirən azarkeşdir. Onlar futbolçuları daha həvəsli, istəkli edirlər. Bunun təsiri ola bilər. Bəzən komandaların məhsuldarlığı aşağı olur, bəzən yuxarı. Hər bir halda bunu yaxşılaşdırmalıyıq. Hər oyun vacibdir. Epizodlardan maksimum yararlanmaq lazımdır. 

– Qış fasiləsində komandanın gücləndirilməsi istiqamətində iş aparılır?
– Bəli. Hər oyundan sonra deyirəm ki, axtarışdayıq. Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək. Bu yöndə iş gedir. 

– Dünya çempionatının finalında hansı komandaları görmək olacaq?
– Dəqiq cavabı sabah axşam demək olar (gülür). 4 komandadan 2-si finalda olacaq. Kim layiqdirsə, onu gözləyəcəyik.

writer photo
Əlirza Əlirzalı
0