"Futbolçularımı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, komanda 3:0, 4:0 olsa da, rəqib uyduzmaq istəmirdi”.
Apasport.az saytı xəbər verir ki, bunu “Linkonl”a 4:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünü böyükhesablı qələbə ilə başa vuran Ağdam klubunun çalışdırıcısı oyundan və qələbədən razı qalıb. Təcrübəli mütəxəssis azrkeşlərə də təşəkkür edib: “Sona qədər futbolçularım çox güc sərf etdilər. Şükürlər olsun ki, yaxşı qələbə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Gözəl atmosfer yaratmışdılar”.
- Kevin Medinanın ehtiyatda qalması komandanı tərk etməsi ilə əlaqədardır?
- Getməsi ilə bağlı tam məlumat yoxdur. Amma müəyyən səbəblər var idi. Ona görə əsas heyətdə oynatmadıq. Etiraf edim ki, ciddi maraqlanan klublar var. Hələlik, bizim oyunçumuzdur. Hər şeyin qaydasında olacağını düşünürəm.
- "Linkoln" o səviyyədə komanda deyildi. "Rakov"la oyunöncəsi komandanı tam sınaya bildiniz?
- Həmişə hər bir rəqibə qarşı ciddi yanaşırıq, hər rəqibin bizə yaşatdıqları çətinliklər var. Hər zəif düşündüyümüz rəqib fərqli müdafiə olunur. İstənilən rəqibə qarşı çox güc sərf edirik. “Linkoln”u məğlub etmək üçün heç də asan olmadı, nə səfərdə, nə də burada. "Rakov"a qarşı oyunumuzda mütləq dəyişiklik etməliyik. Çünki onlar başqa sistemdə oynayırlar. Bunları nəzərə alırıq. Amma öz proqramımızdan əl çəkmirik. "Rakov" çox ciddi rəqibdir. Sanki Polşa futbolundan bir az fərqli oynayırlar. Oyun fəlsəfəsi fərqlidir. Aşağı liqadan pillə-pillə yüksəlib Polşa çempionu olmaq, çox böyük uğurdur. Biz bu komanda ilə Türkiyədə də qarşılaşmışdıq. Həmin vaxt rəqibə məğlub olmuşduq. Tam fərqli komandadır. Rəqibi tam təhlil etmək üçün qarşıda bizim 5-6 günümüz olacaq.
- Yasin Benzia bu gün start heyətindəydi. Demək olar ki, Qurban Qurbanovun görmək istədiyi Benzia qayıdıb?
- Onun ustalığına şübhəm olmayıb. Sadəcə uzun müddət futboldan kənar qalmışdı, idman formasından uzaq idi. Bizə qoşulandan sonra özünə gəldi, amma yenə zədələndi. 90 dəqiqə meydanda saxlamadıq. Çünki buna tam hazır deyil. 3-4 oyunu bu səviyyədə keçirsə, daha yaxşı Benzia görə bilərik. Ona ümidlərim böyükdür. Əgər idman, fiziki formasını yaxşılaşdırsa, "Qarabağ"a çox fayda verəcək oyunçudur. Amma bu gün tam razı deyiləm, tam hazır deyil. Çalışırıq ki, tələsmədən yaxşı səviyyəyə çatdıraq.
- Bəhlul Mustafazadə ilk yarıda hücumameyillənirdi. Bu, sizin tapşırığınız idi, yoxsa rəqibdən asılı olaraq hücuma atılırdı?
- Bəhlul standart vəziyyətləri zamanı cərimə meydançasında görünürdü. Hücumları başlamasına gəlincə, boş zona olurkən irəli gedirdi. Ən üstün keyfiyyətlərindən biri standart vəziyyətlərdə düzgün mövqe seçə bilməsidir. Hücuma get deməmişdik. Amma hücumlara daha tez başlamaq tapşırığı verilmişdi.
- "Qarabağ"la çatmaq istədiyiniz ən böyük arzunuz?
- Desəm ki, hansısa həddə çatmaq, böyük uğur əldə etmək istəyirəm, yalnış olar. Amma həmişə mübariz, yaxşı, gözəl kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu komandanın adının tam fərqləndiyini dəfələrlə demişəm. Məncə, əlavə açıqlamaya ehtiyac yoxdur. Həm daxili, həm də beynəlxalq oyunlarda “Qarabağ”ın uğurları olmasını istəmişəm. Hər il yeni uğur əldə etmək, bir pillə irəli getmək arzumuzdur. Buna nə dərəcədə nail oluruq, oyunlardan görürsüz.
- Azarkeş təzyiqinin neqativ və pozitiv tərəfləri hansılardır?
- Çox istəyərdim ki, həmişə pozitiv reaksiyalar olsun. İnanın ki, futbolçular da normal insandırlar, həddən artıq böyük məsuliyyətin altına girirlər. Çünki milyonlarla azərbyacanlı onlardan böyük uğurlar gözləyirlər. Azarkeşlər əmin olsunlar ki, futbolçular Azərbyacan idmanı, futbolu, "Qarabağ" üçün bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar və tələbkardırlar. Bütün futbolçularımıza qarşı pozitiv olmalarını arzu edirəm. Azarkeşlərə qarşı düşüncələrim həmişə pozitivdi. Futbolçularıma da bunu aşılamağa çalışmışam. Hər azarkeşin şəxsi fikri, istəyi, düşüncəsi olur. Belə hallar futbolu gözəlləşdirir. Hətta bəzi komandalara, futbolçulara xarakter verir.
- "Qarabağ"da sırf mərkəz hücumçusu mövqeyində axtarışları gedir?
- Sırf mərkəz hücumçusu axtarsaq, dünya futbolunda az rast gələrik. İndi futbol tam fərqlidir. Bəzi komandaya sırf mərkəz hücumçusu lazımdır, bəzisinə lazım deyil. Bu gün Cicadan da həmin mövqedə istifadə edirik. Juninyonu almışıq. Keytanı da o mövqedə istifadə edə bilərik. Hansısa sıxıntı olduğunu düşünmürük. Hamısı bizə uyğun futbolçulardır. Ön xətdəki oyunçulardan razıyam.
- "Qarabağ" bundan sonra transfer edəcək?
- Transfer bazarı işimizin ən vacib hissəsindən biridir. Heyətimizdə 20-25 futbolçu olsa da, yeni oyunçularla maraqlanırıq. Hər bir məşqçi istəyər ki, heyətində, düşündüyü oyun tərzinə uyğun futbolçular olsun. Buna görə daim axtarışdayıq. Bəzən aylar, illərlə gözləyirik. Biz daim transfer bazarında aktivik, daim komandaya yeni oyunçular cəlb etmək istəyirik. İndi də işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıq gedir. Müdafiə, yarımmüdafiə, hücum xəttinə ola bilər. Elə futbolçular var ki, uzun müddətdir onları izləyirik. Sadəcə bəzən düşünmədiyin səbəblərdən transfer alınmır. 20-25 gün əvvəl bu hal başımıza gəldi. klublar arasında razılıq olmuşdu, futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalıydı, Ancaq sonda bu transfer alınmadı. Bizdən asılı olmayan məqamlar var ki, yoluna qoya bilmirik.
- Daxili liqada da mübarizə güclü olacağı gözlənilir, "Neftçi"də yeni nəfəs var, "Sabah" da heyətini gücləndirib...
- İddialı komandalar çoxalıb. Məncə, daha maraqlı çempionat olacaq.