Qurban Qurbanov: "Selyesin tərifi mənim üçün xoşdur"
19.02.2023 - 21:23
Qurban Qurbanov: "Selyesin tərifi mənim üçün xoşdur"

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərlik də pis nəticə olmazdı. Oyun ona gedirdi. Qol imkanlarımız çox olmadı. Rəqib bizə qarşı çox yaxşı hazırlaşmışdı. Bütün oyunçuları diqqətli və düzgün analiz etmişdilər. Baxımlı oynamağa imkan vermədilər. Mübarizədən xoşum gəldi. Futbolçularım sona qədər mübarizə apardılar, durmadılar. Çox vacib 3 xal qazandıq. Rəşad Sadıqova uğurlar arzu edirəm".

Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, "Zirə"ni Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə 1:0 məğlub etdikləri oyundan sonra mətbuat konfransına çıxıb.

– İspaniyalı Ruben Selyes hazırda "Sauthempton"da baş məşqçidir. O sizdən "çox şey öyrənmişəm" deyib. "Çelsi"ni də məğlub etdilər...
– Çox da dərinə getmək istəmirəm. Ona təşəkkür edirəm ki, burada ümumi işimizi dəyərləndirib. Mən tək deyildim, burada birlikdə idik. Müzakirələrimiz olurdu. Futbolçuların fiziki durumunu yaxşı səviyyəyə gətirib çıxarmağı düşünürdük. Mənim üçün xoşdur. Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam. Hazırda İngiltərədə baş məşqçi funksiyasını yerinə yetirir. Ona uğurlar arzulayıram. Özüm haqda heç düşünmürəm. Azərbaycan və Qarabağ haqda suallar səslənməsinə sevindim.

– "Xent"lə səfərdəki oyunda Musa Qurbanlını görməyəcəyik? Çünki yeganə o, bugünkü matçda istirahət etmədi...
– Hansı heyətdə oynayacağımıza qəti qərar verməmişəm. Musa daha az oynayanlardan idi. Bu gün sona kimi oynatmadım. Oyunun gedişatına görə belə addım atdıq. Ramil Şeydayev çox yorulmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik. Qarşıdakı bir neçə günümüz var. Qərar verəcəyik.

– İlk hissədə rəqib sizi çox sıxdı. Tam istədiyiniz oyunu oynaya bilməməyinizin səbəbi nə idi?
– Bəlkə oyunboyu bunu edə bilmədik. Rəqib buna imkan vermədi ki, rahat öz oyunumuzu oynayaq. Mübarizənin hesabına qələbə qazandıq.

– Yeni transferlər start heyətdə meydana çıxmışdı. Onlardan razı qaldınız?
– Bəli. Amma öz optimal formalarından uzaqdırlar. Qarşıdakı oyunlarda oynayacaqlar. Vaxt lazımdır.

– "Qarabağ" uzun müddətdir ki, yerli bazardan legioner transfer etmir. Bu nə ilə bağlıdır?
– Üzrlü hesab edin. Bu suala cavab verə bilməyəcəyəm.

writer photo
Əlirza Əlirzalı
0