Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”
22.08.2022 - 21:42
Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”

“Gəlib sona çıxmışıq. Hər bir klubun əvvəlcədən məqsədi yaxşı nəticə göstərərək, Çempionlar Liqasının qrupuna düşmək idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə keçiriləcək oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Plzendə təşkil edilən mətbuat konfransında komandasının cavab matçına hazır olduğunu bildirib: “Sabah Çempionlar Liqasının qrupuna düşmək şansımız var. Rəqib də eyni düşüncədədir. Şanslardan maksimum istifadə etməyə, yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Çox yaxşı mübarizə aparmağı xoşlayırlar. Çexiya klubunun da istəkli olduğu hiss olunur. Bunu Bakıda da gördük. Amma futbolçularıma güvənirəm. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə və uğurlu nəticə qazanmağa çalışacağıq”.

- Bakıdakı oyunda qol vurmaq üçün bir neçə imkanınız oldu. Cavab görüşündə həmin şansları qaçırmamaq üçün hansısa dəyişiklik planlaşdırırsınız?
- Bəli, şanslarımız oldu. Amma rəqibin də imkanları oldu, standart vəziyyətlərdən çox təhlükəli epizodlar yaratdılar. Xırda detallar üzərində danışmışıq, həmin epizodları futbolçulara göstərmişik. Sabah daha dəqiq oynamağa çalışacağıq. Eyni zamanda rəqibin hücumlarının qarşısını almaq üçün çox diqqətli olmalıyıq.

- Heyətlə bağlı hansı probleminiz var və kapitan Maksim Medvedev sabah iştirak edə biləcək?
- Maksim və Kevin Medinadan başqa hər şey qaydasındadır, hamı sağlamdır, oyuna hazırlaşırlar. Sadəcə, iki mərkəz müdafiəçimiz olmayacaq. Digər oyunçuların hamısı hazırdır.

- Rəqibin baş məşqçisi bildirdi ki, yenə qapalı futbol oynayacağıq, çünki açıq oyun göstərsək, “Qarabağ” bizi rahat şəkildə cəzalandıracaq. Bəs “Qarabağ”dan sabah da ilk matçdakı oyunu görəcəyik?
- Həmkarımın açıqlaması ilə maraqlandım, belə fikir bildirib. Amma hər şeyə hazır olmalıyıq. Çünki “Viktoriya”nın çox yaxşı hücum potensialı var. Müdafiədə bizə qarşı çox diqqətli olacaqlar. Düşünsək ki, yalnız qapanacaqlar, yanlış olar. Ehtiyatlanmalı və buna hazır olmalıyıq. Rəqibin oyunçuları həm pressinq etməyi, həm topla oynamağı bacarır. Ancaq yenə də müdafiədə oynamağı düşünmürük. Əgər rəqib məcbur edərsə, buna əl ata bilərik. Məqsədimiz yenə öz oyunumuzdan əl çəkməmək, xüsusən də, hücumda daha fəal, aqressiv olmaqdır. Rəqibin isə çox təhlükəli, düşünülmüş əks-hücumları olur. Bunun hamısına hazır olmalıyıq. “Viktoriya”nın baş məşqçisi fikirlərində də bildirib ki, hələ düşünür, sabah da son məşqləri var. İki heyətləri var, hansı “11-lik”lə çıxış edəcəklər, bilinmir. Buna görə də sabahı gözləməliyik. Sonda qısa fikrimi də bildirmək istəyirəm. Bizi həm aeroportda, həm də oteldə bir neçə çexiyalı azarkeş qarşıladı, bütün futbolçularımızın və mənim avtoqrafımızı istədilər. O cümlədən mənim, köməkçilərimin futbol oynadığımız vaxtlardakı şəkilləri ilə maraqlandılar. Mənim üçün çox xoş oldu. Onlar əsl futbol azarkeşləridir. Buradan hər birinə təşəkkür edirəm. Sayları az olsa da, bizə böyük dəyər verdilər.

writer photo
Əlirza Əlirzalı
0