Rahid Əmirquliyev: "Qarabağ”a qarşı bunu etmək mümkündür" - MÜSAHİBƏ
21.12.2022 - 12:43
Rahid Əmirquliyev: "Qarabağ”a qarşı bunu etmək mümkündür" - MÜSAHİBƏ

"Səbail"in kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sabah"ı üstələməyi bacardı. İlk oyundakı qələbə komandaya inam qazandırmışdı?
- Sevindirici haldır ki, kubokda yarımfinala adladıq, "Sabah" kimi komandaya qalib gəldik. "Səbail"in tarixində ilk dəfədir ki, yarımfinala vəsiqə qazanmışıq. Bu münasibətlə azarkeşlərimizi də təbrik edirəm. Onlar hər zaman yanımızdadır, uduzsaq da, udsaq da. Matça gəlincə, "Sabah"a qarşı ağır oyun oldu. ilk görüşdə evdə qalib gəlmişdik. Həmin matçı daha rahat hesabımıza yaza bilərdik. Rəqib meydanda 10 nəfərlə qalmışdı. İstənilən halda, ikinci matça bir top fərqi ilə üstün çıxmışdıq. Bilirdik ki, "Sabah" evdə yaxşı oynayır və çətin olacaq. Onlar daim hücum edirdi, biz əks-hücumda oynamağı düşünmüşdük. Epizodların birindən istifadə edib qolumuzu vurduq və qalib gəldik. Amma ümumi götürsək, ağır oldu, çox güc sərf etdik.

- Maraqlıdır ki, ölkə çempionatında uğurlu çıxış edən "Sabah"ı məğlub edərək yarımfinala vəsiqə qazandınız, penaltilərlə deyil...
- Düzdür, "Sabah" bu il çempionatda uğurlu çıxış edir. Bizim çempionatdakı vəziyyətimiz yaxşı deyil. Amma kubok oyunları fərqli olur. Qalib gəlməyimiz normal haldır. Çempionatda ev oyununda "Sabah"a uduzsaq da, səfərdə xal almışdıq. Kubokun ilk oyununda da, onları udmuşduq. Çempionatın sonlarında "Sabah"da eniş gedir. Özümüz də hiss edirdik ki, "Sabah"a qalib gələ bilərik. İlk oyunda bunu etmişdik. Daha sonra "Şamaxı" ilə xal itirdi, Gəncədə də, qalib gələ bilmədi. 

- "Səbail" kubokda yarımfinala adlasa da, çempionatda sonuncu pillədədir. Niyə liqada belə uğursuz çıxış edirsiz?
- Premyer Liqada sonuncu yerə düşmüşük. Amma kubokda yarımfinala adladıq. Əlbəttə ki, biz də istəyirik çempionatda üst pillələrdə olaq. Amma turnir cədvəlinə baxanda, demək olar ki, bizdən yuxarıdakı komandaların xalı çox deyil. Bunu aradan qaldırmaq olar. Ümumiyyətlə, çempionatda niyə belə uğursuzluq olur, onu bilmirəm. Yaxşı komandamız var, çempionatda da uğurlu çıxış edə bilərik. Düzdür, elə matçlar olub ki, yaxşı oynamışıq, amma sonda uduzmuşuq. İndiki vəziyyətdə bizim fikrimiz kubokda yarımfinala adlamaq idi. Şükürlər olsun ki, bunu bacardıq. Yarımfinal oyunlarına çox var. Ona qədər çempionatda da vəziyyəti düzəltmək olar, hər şey öz əlimizdədir. Liqada da yuxarılara qalxa bilərik, bunu edəcəyik.

- Finala adlamaq üçün "Qəbələ" səddini keçməlisiniz. Səncə, bu çətin olmayacaq?
- "Qəbələ" yaxşı, güclü komandadır. Yaddan çıxartmaq olmaz ki, onlar "Qarabağ"ı keçdilər. Hər halda, Azərbaycanın ən güclü komandasını turnirdən uzaqlaşdırıblar. Bizi çox ağır oyunlar gözləyir. 

- Bu il son oyununuz "Qarabağ"a qarşıdır. "Sabah"ı turnirdən kənarlaşdırmağınız yəqin ki, "Qarabağ"la oyunöncəsi sizə yüksək motivasiya qazandırıb?
- Bəli, son turda "Qarabağ"a qarşı oynayacağıq. Onlar Azərbaycanın ən güclü komandasıdır. Hər zaman çempionluğa oynayırlar. Evdə oynasaq da, ağır matç alınacaq. Biz də çalışacağıq ki, ən yaxşısını edək, nəticə uğurlu olsun. Çempionatdakı durumumuz bunu tələb edir. Kubokda yarımfinala adlamağımız "Qarabağ"la oyunda bizə yüksək motivasiya verəcək. Mərhələni keçdikdən sonra komandada əhval-ruhiyyə yüksəkdir. Əlimizdən gələni edəcəyik ki, "Qarabağ"a qarşı matçda da yaxşı nəticə alınsın. Ağır olsa da, bunu etmək mümkündür. 

- Ölkə kubokunda nə "Qarabağ" qalıb, nə də "Sabah". "Səbail"in kuboku qazanmaq şansı var? 
- İki güclü klub kubokdan kənarlaşdırılıb. Hər halda, "Qəbələ" və "Neftçi" var. Hansı tərəf qalib gəlsə belə, onlarla oynamaq rahat olmayacaq. "Turan Tovuz"u yaddan çıxarmaq düz deyil. Kubok fərqlidir, hər nəticə qeydə alınır. Niyə də "Səbail" qalib olmasın? Yaxşı komandamız var. Şansımız var ki, finala çıxıb, qalib gələk. Digər komandaların da şansları eynidir. Hazırlaşmaq lazımdır. Çalışacağıq ki, fürsətdən maksimum yararlanaq.

writer photo
Əlirza Əlirzalı
0