Ramin Musayev: “Allahdan asılıyıq, day-dayımız AFFA-dır”
27.05.2022 - 23:21
Ramin Musayev: “Allahdan asılıyıq, day-dayımız AFFA-dır”

“Açığı deyim, belə gərgin oyun gedəcəyini gözləmirdim”.

Apasport.az saytının məlumatına görə, bunu PFL prezidenti Ramin Musayev deyib.

Qurum başçısı Azərbaycan kubokunun “Qarabağ” – “Zirə” oyunundan (1:1, p.4:3) sonra fikirlərini jurnalistlərə açıqlayıb: “Fikirləşirdim ki, 90 dəqiqə oyun bəs edəcək. Amma 120 dəqiqə də yetmədi. Bu, onu göstərir ki, dostluğun heç nəyə dəxli yoxdur. Baxmayaraq ki, Qurbanla Rəşad dostdurlar. Ancaq idman idmandır, mübarizə mübarizədir. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Hər iki komandanı təbrik edirəm. Vacib işi burda gördülər, ən vacibi qaldı Avropada. Avropada birincisi püşkatmada bəxtimiz gətirsin. Bu iki komanda deyil, bütün dörd komandamızın. Ondan sonra Allah bizi sevindirər. Əgər püşkatmada bəxtimiz gətirsə. Nə olsa, xeyirlisi olsun”.

Musayev “Sabah” deyil, “Qəbələ”nin avrokuboka vəsiqə qazanmasına da münasibət bildirib: “Mən sevinərdim ki, həm “Qəbələ”, həm “Sabah” getsin. Çünki hər iki komanda çempionat boyu maraqlı oyun göstərib. “Qəbələ”nin getməsinə daha çox ona görə sevindim ki, vaxtilə büdcəsi çox böyük idi. Sonra azaldı. Bəzi insanlar, bəzi klublar düşünürdü ki, “Qəbələ” silinir, başqa komandalar kimi. Amma sağ olsunlar “Qəbələ”yə arxa olanlar, dəstək olanlar. Başda da Fariz Nəcəfov. Kubokun finalını bura salınması təsadüfi deyildi. Bu, bir səs idi, həm yuxarılara, həm aşağılara ki, belə şəraiti boş qoymaq olmaz. Ona görə finalı bura salmışdım. Hamı da gördü. Televizorda izləyənlər də, cavabdeh şəxslər də. Qəbələdə olan şərait Avropanın çox ölkələrində yoxdur. Çox ölkələrdə olmuşam. Söhbət futboldan gedir. Nə qədər xarici vətəndaşların olduğunu da gördünüz. Vacib odur ki, “Qəbələ” az maliyyə ilə qələbəsini qazandı və onlara uğurlar arzulayaq”.

PFL prezidenti “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqaya buraxılması, komanda sayının 10-a çatdırılmasına da münasibət bildirib: “Bütün büdcələr, məndə olan məlumata görə, 10 komandanın hamısına dövlət tərəfindən eyni miqdarda maliyyə ayrılacaq. Kimin bacarığı olacaq, başqa sponsorlardan nə qazanacaqsa, öz işləridir. Amma dövlətdən ayrılan məbləğ eyni olacaq. Bu məbləği bilirəm, amma deyə bilmərəm. PFL-in büdcəsinə gəlincə, sponsor da yoxdur, Allahdan asılıyıq. Bizim də day-dayımız AFFA-dır”.

writer photo
Əlirza Əlirzalı
0