Azərbaycanlı futbol mütəxəssisi Ramin Quliyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinal matçlarında "Qəbələ" "Səbail"i 3:2, "Turan Tovuz" "Neftçi"ni 1:0 məğlub etdi. Nəticələr sizin üçün gözlənilməz olmadı ki?
- Kubok matçlarının son mərhələsi olduğuna görə hər cür nəticənin olması mümkündür. Hər iki görüşün olduqca maraqlı və gərgin keçəcəyini də gözləmək olardı. "Qəbələ"nin "Səbail" üzərində qələbəsi gözlənilən olsa da, "Turan Tovuz"un "Neftçi" ilə matçdakı nəticəsi gözlənilməz idi. Çünki "Neftçi" bu ili titulla başa vurmağa məcburdur.
- "Neftçi"nin final şanslarını necə dəyərləndirirsiz? Sizcə, bu komanda evdə geridönüş edərək finala vəsiqə qazana biləcək?
- "Neftçi"nin çempionatdakı mövqeyi artıq məlumdur. Ona görə də, bu oyun onlar üçün finala bərabərdir. "Neftçi"nin itiriləsi heç nə yoxdur. Ona görə də, bundan maksimum istifadə etməlidirlər. Məncə, evdə sona qədər var gücləri ilə mübarizə aparacaqlar.
- "Neftçi" ölkə kubokunu qazana bilməsə, Laurentsiu Regekampfın postundan göndərilmək məsələsi gündəmə gələ bilər. Sizcə, rumıniyalı mütəxəssis kuboku qazanacağı təqdirdə postunda qalmalıdır?
- Bu məsələ rəhbərliyin verəcəyi qərardır. Azarkeşlər sadəcə "Neftçi"nin titulsuz qalacağı halda, bunu qəbul etməyəcəklər. İstənilən halda, qərarı verən rəhbərlikdir. Bunu da yaşayıb görəcəyik.
- Yeri gəlmişkən, "Sabah" avrokuboklara vəsiqəni təmin etdi. Onlar XXX turda "Qarabağ"ı məğlub etdilər. "Sabah"ın avrokuboklara vəsiqə qazanması və "Qarabağ"ı məğlub etməsi barədə fikriniz necədir?
- Hər halda, "Sabah" qələbə üçün oynayırdı. Hər iki tərəfin qol epizodları az olmadı. Amma sonda qalib gələn tərəf "Sabah" oldu. Fikrimcə, yaxşı oynadılar və qalib gəldilər.
- "Sabah" ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək. Bu komanda ilk dəfə oynayacağına görə, rəqibləri də çətin olacaq. Onların mərhələ adlamaq, uğurlu çıxış etmək şanslarını necə görürsüz?
- Hələ ki, mövsüm başa çatmayıb. İndi yəqin ki, bütün komandalar mövsümün sonunu gözləyir. Hər şeyi zaman göstərəcək. Avrokuboklara hələ çox vaxt var.
- Hazırda Premyer Liqada qalmaq uğrunda da gərgin mübarizə gedir. Necə düşünürsüz, sizcə Premyer Liqada hansı komanda qalacaq? Birinci diviziona düşməyə "Səbail", "Şamaxı" və "Sumqayıt"dan hansı daha çox "iddialıdır"?
- Son turlara qədər mübarizə davam edəcək. İndidən bir söz söyləmək olmur. Daha yaxşı olardı ki, heç bir klub Premyer Liqadan düşməsin. Əksinə, Premyer Liqadakı klubların sayı artsın. Necə olacağını zaman göstərəcək.