Ramin Quliyev: "Neftçi" onlardan istifadə etsə, “Qarabağ”a ən azı uduzmayacaq” - MÜSAHİBƏ
27.02.2023 - 13:58
Ramin Quliyev: "Neftçi" onlardan istifadə etsə, “Qarabağ”a ən azı uduzmayacaq” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq futbolçusu Ramin Quliyevin apasport.az saytına müsahibəsi 

- Bu gün "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Görüşöncəsi hansı tərəfi daha şanslı hesab edirsən? 
- Psixoloji tərəfdən "Neftçi"nin üstünlüyü olacaq. "Qarabağ"ın Konfrans Liqasındakı məğlubiyyəti bunu deməyə əsas verir. Ancaq Ağdam təmsilçinin şansı daha çoxdur. Sadəcə dediyim məsələnin də təsiri olacaq. Necə matç alınacaq, onu oyunda görəcəyik.

- "Qarabağ" ağır "Gent"lə oyundan gəlib, 120 dəqiqəlik matç oynadılar. Ağdam klubunun futbolçularında bu matçda hər hansı yorğunluq ola bilər, yoxsa düşünürsən ki, artıq bərpa olunublar?
- Bərpa olunduqlarına şübhəm yoxdur. Çünki "Qarabağ" üç gündən bir oyunları çox oynayıb. Sadəcə bu matç "Neftçi"yə qarşıdır. Yəni "Gent"lə ağır oyundan sonra ikinci ağır oynamaqları özünü büruzə verə bilər. Belçikada da matç çətin alındı, bugünkü oyun da asan olmayacaq.

- "Qarabağ"ın Konfrans Liqasında mərhələ keçəcəyinə inananlar az deyildi. Amma onlar bunu bacarmadı. Komandada inamsızlıq, motivasiya sarıdan eniş baş verə bilər? Belə olarsa, bu, "Neftçi" ilə matçda özünü göstərər?
- Bəli, hamımız "Qarabağ"ın "Gent" səddini keçəcəyinə çox inanırdıq. Ancaq futboldur, belə halların da olması mümkündür. Sözsüz ki, "Neftçi" ilə oyunda bu məsələ öz təsirini göstərə bilər. Lakin gəlin unutmayaq ki, "Qarabağ" sıradan komanda deyil. Onlar çətin anlardan çox keçib.

- "Neftçi"dəki vəziyyəti necə şərh edərdin? Dörd oyundur qalib gəlirlər, qol buraxmırlar. "Neftçi"nin "Qarabağ" qarşısında hansı nəticəni göstərə biləcəyini düşünürsən? 
- Ardıcıl qələbələr komandaya inam və ruh yüksəkliyi gətirir. Özü də, qol buraxmamaqları müdafiə üçün də əsl motivasiyadır. "Neftçi" "Qarabağ"ın bu yorğunluğundan və "Gent" məğlubiyyətindən maksimum istifadə etsə, ən azı uduzmayacaq.

- "Qarabağ" bu mövsüm "Neftçi" ilə bütün oyunlarda qalib gəlib. Bunun “Neftçi” üçün hər hansı psixoloji təsiri olması mümkündür?
- Həmin oyunlar artıq geridə qaldı. Futbolçular həmin məğlubiyyəti çoxdan unudublar. Psixoloji tərəfdən bu gün "Neftçi"nin üstünlüyü var. Mən belə düşünürəm. Həm də ardıcıl ağır oyunlara çıxmaq da asan deyil.

- Yəqin ki, sabiq "Neftçi"li kimi bu gün bu komandanın qələbə qazanmasını istəyirsən. Proqnozun necədir?
- Mənim üçün fərqi yoxdur. Hansı komanda güclüdürsə, o da qalib gəlsin. İnanıram ki, ədalətli, baxımlı, gözəl oyun olacaq. Azarkeşlər də darıxmayacaq.

- Çempionluq arzusunda olan "Sabah"ın son iki turda aşağı pillələrdə qərarlaşan "Turan Tovuz" və "Şamaxı"ya məğlubiyyətlərini nə ilə əlaqələndirirsən? Komandanın köməkçi məşqçisi rəqibləri düzgün qiymətləndirmədiklərini bildirib. Ola bilər ki, daha aşağıda qərarlaşan rəqiblərə ciddi yanaşmırlar?
- Bu iki məğlubiyyət komandaya xal baxımından çox təsir edəcək. Çünki qızıl xalları itirirlər. Çempionatın sonuna yaxın bu xallar onlara hava-su kimi lazım olacaq. Digər məsələyə gəldikdə, mən rəqiblərə yuxarıdan aşağı baxdıqlarını deməzdim. Sadəcə komanda imkanlarından aşağı oynadı.

writer photo
Əlirza Əlirzalı
0