Rauf Əliyev: "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq" - MÜSAHİBƏ
02.06.2024 - 16:59
Rauf Əliyev: "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq" - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq forvardı Rauf Əliyev Apasport.az saytına müsahibə verib. O, bu gün keçiriləcək ölkə kubokunun finalından gözləntilərini bölüşüb və hansı komandanın favorit olduğunu açıqlayıb.

- "Qarabağ" "Zirə" ilə kubok oyununa çıxacaq. Oyunöncəsi aydın məsələdir ki, finalda əsas favorit "Qarabağ"dır. Sənin bu haqda fikrin necədir?

Bəli, "Qarabağ" favorit görünür. Amma nəzərə alaq ki, final oyunudur. Elə iki il əvvəlki finalı xatırlayaq. Qəbələdəki oyunun taleyi son dəqiqələrdə vurulan qol həll olundu və oyun penaltilərə getmişdi. Bugünkü matç da maraqlı olacaq. Hər halda, bir-birini çox yaxşı tanıyan komanda üz-üzə gələcək. Məşqçilər də, futbolçular da bir-birini tanıyır. Kim güclüdürsə, o da qalib gəlsin. Dəqiq olan odur ki, maraqlı və gərgin görüş olacaq. 

- İki il öncə Qəbələdəki finalda "Qarabağ" "Zirə"ni penaltilər seriyasında məğlub edərək kuboku qazanmışdı. Səncə, bu dəfə eyni ssenarinin təkrarlanması nə dərəcədə realdır?

Bəli, yadımdadır, "Qarabağ" son dəqiqələrdə Abdullah Zubirin vurduğu qolla penaltilərə apardı oyunu. Ssenari təkrarlanacaq ya, yox, nə bilim. Bu haqda bir söz deyə bilmərəm. Oyundan əvvəl proqnoz vermək çətindir. Çünki hər iki komanda da iddialıdır. "Qarabağ" yəqin ki, mövsümü "qızıl dubl"la bitirmək istəyir. Bildiyim dəqiq bir şey var ki, o da maraqlı oyun olacağı və hər iki komandanın da sona qədər mübarizə aparacağıqıdır.

- Ümumiyyətlə, "Zirə"nin finalı qazanmaq üçün əsas üstünlüyü nə ola bilər? Bu mövsüm keçirilən 4 oyundan birində "Zirə" "Qarabağ"ı məğlub etmişdi...

Çempionatı nəzərə alsaq, "Zirə" son matçlarda çox yaxşı formada idi. Son görüşlərdə ardıcıl qələbələr qazanılmışdı. Oyunları da yaxşı formada keçirirdi. Görünür ki, komandada inam var. Bəlkə də, bu inam finalda "Zirə"yə kömək ola bilər. 

- "Zirə" ölkə çempionatında ikinci pilləni tutub və Avropa Liqasında çıxış edəcəyi dəqiqləşib. Məhz bu məqamın "Zirə"nin "Qarabağ"la görüşə daha rahat çıxmasına imkan verir? Hər halda, avrokuboklara yollanmasaydılar, hər şey bugünkü görüşdən asılı olsaydı, "Zirə" üçün daha gərgin və çətin alınardı?

Fikrimcə, hər bir futbolçu kubok qazanmaq istəyir. "Zirə" Avropa Liqasına getsə də, inanmıram ki, bu onlarda rahatçılıq, arxayınçılıq yaratsın. Onlar da kuboku çox istəyir. Mövsümü Premyer Liqada ikinci bitirib, ölkə kubokunu da qazanmaq "Zirə" üçün çox yaxşı nəticə sayılar. Amma rəqib "Qarabağ"dırsa, nəsə demək çətindir. 

- "Zirə"nin "Qarabağ"ı məğlub edərək kuboku qazanması sənin üçün sürpriz olmayacaqki?

Mənim üçün sürpriz olmaz. Çünki "Zirə" yaxşı komandadır, keyfiyyətli oyunçuları var. Özü də, final bir oyundan ibarətdir. "Zirə" iki il əvvəl ölkə kubokunu qazanmağa da çox yaxın idi. Sadəcə son dəqiqələrdə buraxdığı qolla penaltilərə getdi və uduzdu. "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq.

- Rəşad Sadıqov uzun illər Qurban Qurbanovun "Qarabağ"da futbolçusu olub, Qurbanovun hansı addımları atacağını, taktiki gedişlərinə bələddir. Bunlar həlledici rol oynaya bilər finalda?

Bəli, hər iki məşqçi bir-birini çox yaxşı tanıyır. Uzun illər birlikdə işləyiblər. Bir-birilərini yaxşı tanımaqları və çempionatda artıq 4 dəfə qarşılaşmaları faktoru var. Komandalar bir-birini çox yaxşı tanıyır. Həlledici deyəndə ki, burada futbolçuların keyfiyyətləri, ustalıq səviyyələri daha çox vacib olacaq. Hər halda, finalda məhz bu məqam ön plana çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0