Rauf Mehdiyev: "Rakov"la görüşdə Şahruddin sözünü deyəcək" - MÜSAHİBƏ
02.08.2023 - 16:40
Rauf Mehdiyev: "Rakov"la görüşdə Şahruddin sözünü deyəcək" - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq qolkiperi Rauf Mehdiyevin apasport.az saytına müsahibəsi 

- "Qarabağ" Çempionlar Liqasında ilk görüşdə "Rakuv"a 2:3 hesabı ilə uduzdu. Həmin məğlubiyyət Ağdam təmsilçisinin növbəti mərhələ şanslarını nə dərəcədə azaldır? 
- Mənə elə gəlir ki, "Qarabağ" ilk oyunu pis oynamadı. Polşada pis təsir bağışlamadı. Sadəcə bəzi səhvlərə görə nəticə belə oldu. Amma komandamız yenə də öz oyununu göstərəcək, mübarizəsini aparacaq. Şanslar hələ də var, davam edir. 

- Şahruddin Məhəmmədəliyevin səhvləri daha çox qabardıldı. Onun zəif dayanmasını nə ilə əlaqələndirirsiz? Psixoloji cəhətdən problemi olmayacaq? 
- Şahruddin yaxşı, optimal formada deyil. Zədədən sonra formasını yığa bilməyib. Yəqin ki, buna görə səhvə yol verib. Amma məncə, "Rakov"la görüşdə Şahruddin öz sözünü deyəcək. Gələcəkdə də, klubda və millidə özünü göstərəcək. Qurban Qurbanov ona çox inanır. Mənə elə gəlir ki, o, psixoloji olaraq da güclü oğlandır. Özünü toparlayacaq və yəqin ki, bundan sonra o cür səhvlər görmərik. 

- Necə düşünürsüz, "Qarabağ" "Rakuv"u keçə biləcək?
- "Rakov" pis komanda deyil. Hər halda, Polşa çempionudur. Onların da yaxşı oyunu var. Mobil komandadır. Bakıda da çətin olacaq. Amma mənə elə gəlir ki, "Qarabağ" bu mərhələni keçəcək. Yəqin ki, xatırlayırsız, "Qarabağ" "Lex"ə də səfərdə uduzmuşdu, amma Bakıda toparlandılar və beş qol vurdular. "Qarabağ" belə geridönüşləri bacarır. 

- Bakıdakı oyunda "Qarabağ"ın necə oynayacağını ehtimal edirsiz və hesab proqnozunuz necədir?
- " Qarabağ"ın özünəməxsua oyun tərzi var. Bu gün də onu rəqib üzərində tətbiq edəcək. Fikrimcə, ilk dəqiqələrdən hücumlar edəcəklər. "Qarabağ"a inanırıq. Ümidvaram ki, matçdan lazım olan nəticə ilə ayrılarlar.

- Sizcə "Qarabağ"ın yeni transferləri komandaya kömək edə bilir? Redon Cicanın 4 qol vurması haqda fikriniz necədir? 
- Cica yaxşı oyunçu olduğu üçün "Qarabağ" onu transfer edib. Görünür ki, komandanın oyun stilinə adaptasiya olub. Dörd qol vurubsa, demək ki, "Qarabağ"ın aparıcı simasına dönüb. 

- "Rakuv"un baş məşqçisi David Şvarqanın mətbuat konfransında özündənrazı olması və özündənrazı danışmasını nə ilə əlaqələndirirsən?
- Yəqin ki, komandasına güvəndiyi üçün özündən razıdır. Amma bizim məşhur sözümüz var e, həmişə deyirlər, "cücəni payızda sayarlar". "Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, bu komanda bizi yenə də uğurları ilə sevindirəcək.

writer photo
Əlirza Əlirzalı
0