Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"
07.10.2022 - 20:20
Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"

"Çox çətin oyun alındı. Futbolçulara demişdik ki, rəqib son pillədə ola bilər, amma çox əzmkardırlar və bunu nəzərə almalıyıq".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının IX turunda "Şamaxı" üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib. 

Gənc mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Komandada böyük istək gördüm. İlk hissə çox ağır keçdi. Bir neçə qol vəziyyəti yaratdıq. Sadəcə, yararlana bilmədik. Fasilədən sonra oyun sürətləndi. Standart vəziyyətdən fərqləndik. Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu gün meydanda görmək istədiyim komanda idi. 90 dəqiqə dinamik futbol oynadıq. Bu, məni sevindirir". 

- Təmkin Xəlilzadə və İlkin Muradov əsas komandaya qaytarıldı. Onların dönüşü necə baş verdi?
- Bəzi problemləri detallı şəkildə ictimaiyyətə çatdırmaq olmur. Əsas səbəb istədiyim qədər istəkli olmasıdır. Üzr istəməyiblər. Mən xoşlamıram ki, nə özüm üzr istəyim, nə də kimsə məndən. Bəli, bilmədən nəsə edəndə ola bilər. Həvəslə məşq etmələri, son oyunda intizamlı şəkildə oynamalarından sonra özümü məcbur bildim ki, əsas komandaya qaytarım. Bizim üçün çox vacib oyunçulardır. Onları itirmək istəməzdim. İndi də özümü borclu bildim ki, onları komandaya qaytarım. İnanıram ki, bu proses onlar üçün faydalı olacaq. 

- Sizə elə gəlmir ki, Çantakias çox danışır...
- Gəlir. Biz onunla söhbət edirik. Bəzən faydası olur, bəzən yox. Həyatda, məşqlərdə çox sakitdir. Oyun başlayanda sanki dəliyə çevrilir. Daha səbirli, təmkinli olmalıdır.

- Keçənilki komanda ilə indikini müqayisə etsəz...
- Futbolda illəri müqayisə etmək düzgün deyil. Ən çox narahatlıq keçirdiyim həftə idi. “Şamaxı”nın oyununu təhlil etmişdik. Cavid Hüseynova uğurlar arzulayıram. Gənc komanda ilə böyük işlər görür, əzmkar mübarizə aparırlar. Onu ürəkdən təbrik edirəm. Cavidin də yeni nəsil məşqçilər sırasında özünü doğruldacağına inanıram.

- Təmkinlə İlkin transferə çıxarılmışdı, əsas komandaya qaytarıldı. Ayzayanı isə yayda göndərmişdiz...
- Fərqli məsələlərdir. Ayzaya mövsümün əvvəlində olmuşdu. Onda daha rahatdır. Yeni komanda tapmaq üçün vaxtı var idi. İlkinlə Təmkin fərqli situasiyadır. Mövsümə artrıq başlamışdıq və transfer üçün vaxt az idi. Onları əvəzedici heyətə göndərmək yox, başqa komandada çıxış etmələrini istəyirdim. Əvəzedici heyətdə canla-başla iştirak etdikdən sonra özümü məcbur bildim ki, onları komandaya qaytarım.

- Onları istəyən var idi?
- Bəli. Müəyyən danışıqlar da oldu. İlkin dedi ki, heç yerə getməyəcəm, burada qalacam.

- Sonuncu pillədə gedən komandada oynayan Cəlal Hüseynov nə dərəcədə inkişaf edə bilər?
- Qərarı Cəlalın özünə buraxmışdım. Bildirdim ki, mənə lazımdır. O, getdikdən sonra stopper transfer etdik. Getməsəydi, etməyəcəkdik. Qərarını da dəstəklədim. Bu gün yaxşı oynadı. Heç kim zəmanət verə bilməz ki, "Şamaxı" sonda olacaq. İnanıram ki, daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Cəlala da uğurlar arzulayıram. İnanıram ki, komandamıza döndükdə daha yaxşı vəziyyətdə olacaq.

- Uzun müddət yığma komandanın kapitanı olmusuz. De Byazinin postunda qalması barədə nə şərh verə bilərsiz?
- Baş məşqçi olmasaydım, rahat şərh verərdim. İndi hər hansı fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan insan deyiləm, səmimi və dürüst cavab verməyə çalışmışam. Onu əlimizdəki futbolçuları hazır saxlamaqla maksimum dəstəkləməyə çalışacağıq. Əlavə şərh verməyim düzgün olmaz.

- Qara Qarayevi yığmada görməyəndə təəccübləndiz, yoxsa "özləri bilər" dediz?
- Qara elə futbolçudur ki, "özləri bilər" deyə bilməzsən. Ən çox da bunun "Nant"la oyundan sonra olmasına görə təəccübləndim. Həmin matça ən yaxşılardan idi. Siyahıda olmamasına təəccübləndim, mənə ağır gəldi. Son illər Azərbaycan futbolunda 4-5 futbolçu var ki, uzun müddət stabil futbol oynayır. Belə oyunçuların kənar qalması ağırdır.

- Siz də oxşar taleyi yaşamısız...
- Məndə də olub. Amma Qarada vəziyyət tam fərqlidir. Həmin vaxt onun qədər uğurlu deyildim. Qara "Qarabağ"ın aparıcı futbolçusudur. De Byazi təcrübəlidir. İnanıram ki, yaxında bu konflikti çözəcək.

- Sizcə, Maksim Medvedev millidən getməlidir?
- Maksim 1-2 il, bir neçə tsikl komandaya kömək edə bilər. Zədələnib, oyunlardan kənar qalıb. Buna qədər yüksək performans göstərirdi. Millidə də yaxşı oyunlar göstərib. Onun hələ 2-3 il milliyə faydası ola bilər. Bütün oyunları 90 dəqiqə oynamalıdır deyə bir şey yoxdur. Bu gün futbolumuzda Ruslan Abışov, Qara və Maksim kimiləri çox deyil. Komandanın içində "canavar" kimi futbolçular olmalıdır. İstəyir meydanda, istəyir meydandan kənarda.

- Sizcə, Maksimin De Byazi haqda açıqlamasından sonra onun yığmaya qapısı bağlana bilər?
- Maksim və Qara heç vaxt danışan deyil. Məşqçi ilə konfliktlərini görməmişəm. Qurban Qurbanovun rəhbərliyi altında oynamaq asan deyil. Amma heç vaxt konflikt olmayıb. Məsələnin kökünə getmək lazımdır. İki tərəfi dinləmədən hökm vermək bizə yaraşmaz. İstəyərəm ki, tezliklə problem çözülsün. Hər ikisi önəmli şəxsiyyət və futbolçulardır.

writer photo
Əlirza Əlirzalı
0