Rəşad Sadıqov: "Qapımıza zərbə olmadı, amma iki qol buraxırıq" - VİDEO
03.03.2023 - 19:26
Rəşad Sadıqov: "Qapımıza zərbə olmadı, amma iki qol buraxırıq" - VİDEO

"Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Azarkeşlər üçün də maraqlı alındı".

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

41 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXV turunun “Şamaxı” ilə matçı barədə fikirlərini açıqlayıb. O, 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra mətbuat konfransında bildirib ki, əsas hədəf qələbə qazanmaq olub: "Oyunun ümumi mənzərəsi qələbə qazanacağımıza yaxın kimi görünürdü. Ancaq təəssüflər olsun ki, rəqib qapımıza zərbə vurmadan iki dəfə fərqləndi. "Şamaxı"nın hansısa zərbəsini xatırlamıram. Durduğumuz yerdə heç nədən iki qol buraxdıq. Futbolçular böyük sarsıntı yaşasalar da, özlərində güc tapıb hesabı bərabərləşdirdilər. Bizim yenə də qol imkanlarımız oldu. Çoxsaylı hücumlarımız oldu, amma fərqlənib, hesabda önə keçə bilmədik. Oyunun gedişatı elə gedirdi ki... Qapımıza zərbə yoxdur, amma iki qol buraxırıq. Belə oyunda məğlub olmağa məhkumsan. Şükürlər olsun ki, belə gedişata baxmayaraq bir xal qazandıq. Sona qədər apardıqları mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm".

- Düşünmək olar ki, çempionatın aşağı pillələrindəki rəqabət avrokubok mübarizəsinə təsir edəcək? Nəzərə alaq ki, növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız...
- Çempionat elə səviyyəyə gəlib ki, həqiqətən asan oyun yoxdur. Özünüz də şahidi olursunuz. Hər bir rəqib digərindən xal ala bilər, səfərdə və ya evdə qələbə qazana bilər. Xüsusilə də, aşağı pillələrdə baş verən hadisələr oyunların gərginliyini bir az da artırır. Matçlar bir az da çətinləşir. Buna baxmayaraq, biz öz işimizi görməliyik, öz hədəflərimiz var. Bu gün futbolçularımdan narazı ola bilmərəm. Çünki 90 dəqiqə ərzində üstünlük bizdə oldu, dominantlıq etdik, hücumlar qurduq, pressinq tətbiq etdik, qollar vurduq. Təəssüflər olsun ki, buraxdığımız qollar oldu. Belə buraxılan qolları anlamaqda çətinlik çəkirəm. Qapımıza penalti verildi, avtoqol oldu. Futbolçularım birinci qolun sarsıntısındaydılar, ikincini buraxdıq. Amma həqiqətən qapımıza zərbə vurulduğunu xatırlamıram. Belə olan halda da, bir xal  qənimətdir.

- Mövsümün gedişində İlkin Muradov və Təmkin Xəlilzadəni əsas komandadan uzaqlaşdırdınız, sonradan yenidən qaytardınız. Qışda isə Nemanya Andelkoviçi göndərib, sonra geri qaytardınız...
- Çempionatın ilk hissəsinin sonunda oturduq söhbətləşdik və qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarını verdik. Elə şeylər var ki, hamısını açıq şəkildə deməyəcəm. Futbolu sevə-sevə oynamışam. Bəzən də, hansısa qərar qəbul edirsən, futbolçunun düşdüyü duruma, vəziyyətə baxırsan... Bəzən qərarımı dəyişirəm. Futbolçularıma anlayış göstərib, həmin addımı atıram. Yoxsa, ilk dövrədən sonrakı mövsümün əvvəlindəki qərarlarım bəlli idi. Sadəcə, futbolçular özlərinə klub tapmaqda çətinlik çəkdilər. Ondan sonra fikrimi dəyişdim. Andelkoviç mövsümün sonuna qədər bizimlə birlikdə olacaq. Sonra duruma görə qərar qəbul edəcəyik.

writer photo
Əlirza Əlirzalı
0