Rəşad Sadıqov: "Qarşımızda ən güclünü gözləyirik" - VİDEO
04.12.2022 - 19:34
Rəşad Sadıqov: "Qarşımızda ən güclünü gözləyirik" - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"la matçdan sonra mətbuat konfransında iştirak edib.

Apasport.az-ın məlumatına görə, o əvvəlcə 2:1 qalib gəldikləri oyun haqda fikirlərini bildirib:

"Hər matç vacib olduğu kimi, bu qarşılaşma da önəmli oyunlarımızdan biri idi. Bu görüş yenə göstərdi ki, çempionatda rahat oyun yoxdur. 2:0-dan sonra düşündük ki, oyun rahat keçər. Amma rəqib dərhal fərqləndi və bizim üçün sonluq gərgin, stressli keçdi. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Rəqib çempionatın möhkəm klublarından biridir. Hamımız bilirik ki, Ayxan Abbasovun işlədiyi hər bir klub intizamlı, xarakterli olur. Həmişə də ağıllı futbol oynayıblar. Demək olar ki, oyunboyu hücumdaydıq, çoxsaylı qol imkanlarımız oldu. Amma Kamal Bayramov bu gün 5-6 yaxşı seyv etdi, özünü yaxşı göstərdi. Bu da futbolçularımızda gərginlik yaradırdı. Amma nəticə istədiyimiz kimi oldu. Şükürlər olsun ki, çox vacib olan 3 xalı qazandıq.

– Oyunboyu üstün futbol sərgilədiniz. Qolların bu qədər gec gəlməsinin səbəbi nə idi?
– Kamal Bayramovun ustalığı, rəqib komandanın etibarlı oynaması, bizim də son vuruşlarda həyəcanlı olmağımız. Bunlar hamısı özünü göstərirdi. Amma şükürlər olsun ki, sonda fərqlənib, qələbə qazana bildik. Oyun bərabərliklə bitsəydi də, futbolçularımdan, nümayiş etdirdiyimiz oyundan razı qalacaqdım. Çox yaxşı oldu ki, qələbə qazandıq. Oyun elə gedirdi ki, heç-heçə bitməliydi. Çünki qol imkanlarından yararlanmadıqca, futbolçularda stress yaranır. Yaxşı ki, həmin anda standart vəziyyətdən qol vurduq və futbolçular daha rahat oynamağa başladılar.

– Ölkə kubokunda çətin durumda olan "Neftçi" ilə qarşışacaqsınız. Gözləntiləriniz nədir?
– "Neftçi" bundan əvvəl də, "Sabah"la oynadıqdan sonra bizlə qarşılaşacaqdı. Hamı onların çətin vəziyyətdə olduğunu deyirdi. Amma bizimlə Zirədə ən yaxşı oyununu keçirdi. Ona görə də, belə şeyləri düşünmürük. Qarşımızda ən güclünü gözləyirik. Ona uyğun da hazırlaşıb, "Neftçi" ilə mübarizə aparacağıq.

– Bu yaxınlarda KOBİA SOCAR komandasını "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun vurduğu qolla məğlub etdi. Yəqin bu dəfə, gözlənilər ki, onun komandası da "Neftçi"yə qalib gəlsin...
– Bu barədə düşünmürük. Şirkətlər arasında turnir keçirilir. Bəzən mən də gedib izləyirəm. Maraqlı oyunlar gedir. Orxan müəllimin futbol istedadını şəxsən mən çox yaxşı bilirəm. Yayıma bir qolu düşdü. Amma 30-40 maraqlı qolları var. Onunla aramızda bəzən zarafat edirik ki, bəlkə, 10-15 dəqiqə lazım olanda... Orxan bəy istedadlı insandır, futbolu da bilir, uşaqlıqdan da futbol azarkeşidir. Daim də özü oynayır. Həmin məqamda da çox maraqlı qol vurdu. Bu gün Hamidu Keytanın vurduğu qola bənzədi. Topu sağa çəkib ustalıqla zərbə vurdu. Onun adına sevinirdim. Amma həmin oyunla bizim oyunu bağlamaq düzgün olmaz.

writer photo
Əlirza Əlirzalı
0