"İstədik ki, bütün futbolçular təlim-məşq sonunda oynasınlar. Ona görə də bir gündə 2 oyun keçirdik. Futbolçulardan razı qaldım".
Apasport.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
"Zirə" bu gün Antalyada Macarıstanın "Seqed" klubuna 1:3 uduzub. İkinci oyunda Serbiyanın "Radniçki" komandası ilə qolsuz bərabərlik qeydə alınıb.
İkinci matçdan sonra Rəşad Sadıqov bəzi məsələlərə toxunub: "Müəyyən çatışmazlıqlar vardı. Daha çox onların üzərində çalışdıq. Ancaq bunun nə dərəcədə effektli olduğunu rəsmi oyunlar zamanı biləcəyik.
Transferlərimiz yubanır. Danışıq apardığımız futbolçular var, amma konkretlik yoxdur. 5-6 futbolçu transfer etmək istəyirdik. Ümid edirik ki, sonda 3-4 futbolçunu heyətə qata biləcəyik. Bəyəndiyimiz futbolçular var. Amma son anda futbolçular gəlməkdən imtina edir".