Ruslan Əmircanov: “Bu çempionatın sirri budur" - MÜSAHİBƏ
08.11.2023 - 21:13
Ruslan Əmircanov: “Bu çempionatın sirri budur" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XII turunun ilk oyununda “Səbail” “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldi. Sizcə, oyunun nəticəsini nə həll etdi?
- İnanmırdım ki, "Turan Tovuz"un səfərdə asanlıqla qalib gəlsin. Təxminim oyunun heç-heçə ilə qurtaracağı idi. Ev sahibləri sona qədər mübarizə apardılar. "Turan Tovuz"un da qol imkanları var idi, amma bəxtləri gətirmədi. "Səbail" həm şanslı, həm də oyun baxımdan intizamlı idi. 90 dəqiqə ərzində nizam-intizamlı davrandılar, məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdılar. Hesabda geri düşən komanda kamberk edirsə, deməli, onların əhval-ruhiyyəsi, nizam-intizamı yüksək səviyyədədir.

- "Səbail" bu qələbədən sonra 21 xalla turnir cədvəlində 3-cü yerə qalxdı. Sizcə, ötən mövsüm Premyer Liqada çətinliklə qalan Bakı klubunun son illərin hegemonu "Qarabağ" və digər böyük komandalarla başabaş mübarizə aparmasının sirri nədir?
- Şahin Diniyev baş məşqçi postuna gələndən sonra görürük ki, komanda tamam başqa futbol oynayır. Çünki neçə illərin təcrübəsi var, Diniyev ən azından Azərbaycan futbolunda özü də oynayıb, ad-sanı var. Komandalarına da elə transferlər götürüblər ki, Azərbaycan futboluna tam uyğundurlar. Həm də tez adaptasiya oldular. Ona görə də, çempionatın ilk matçlarından oyunun tempini tutmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə başladılar. Mənə elə gəlir ki, bu çempionatda, yaxşı səviyyədə davam etməyin sirri elə budur.

- Şahin Diniyevin komandasının güclü tərəfi nədir? Peşəkarlıq yoxsa şans?
- Məsələ tək peşəkarlıqdan ibarət deyil, həm də şans məsələsi var. Ola bilər ki, peşəkar olub, qol imkanlarını qaçırasan. Bəzən də bir kuryoz qol buraxırsan və məğlub olursan. Tovuz təmsilçisinin vurduğu qolu da deyə bilərik. Səlahət Ağayev kimi qapıçı 1000 dənə elə zərbədən sonra topu əlindən elə buraxa bilməz. Amma futboldur, belə qapıçı da hardasa səhv edir. Çempionlar Liqasında da, dünya çempionatlarında qapıçı səhvləri görmüşük. Həm peşəkar olmalısan, həm də gərək şansın olsun. İkisi birlikdə olanda, güclünün bəxti gətirir. 

- Sizcə, bu gedişlə "Səbail" avrokuboklara vəsiqə üçün sonadək mübarizə apara biləcək?
- İnanmıram ki, rəhbərlik və məşqçi korpusu çempionatın sonuna qədər bu şansı əldən versinlər. Bakı klubu davamlı və stabil oynayaraq, xallarını qazanır. Şanslarını əldən buraxmırlar. İnanıram ki, qışdan sonra da komandalarını daha da gücləndirib belə davam etsələr, avrokuboklara vəsiqə qazana bilərlər.

- Turnir cədvəlində sonuncu yerdə qərarlaşan "Kəpəz" 17 qol, "Səbail" isə 18 qol buraxıb. Sizcə, komandada qapıçı problemi var, yoxsa ümumi müdafiə xətti zəifdir? Bu problemin həlli üçün yerli, yoxsa legioner qapıçıya ehtiyac var?
- Yerli qapıçılarımız da var. Onlara şans vermək lazımdır. Legioner də "Qarabağ"a , "Neftçi"yə və ya başqa bir komandaya qarşı mübarizə aparacaq. Məsələn, "Kəpəz" legioner qapıçı gətirsə də, problemlər həll olunmadı. "Səbail"ə də xarici qapıçı gətirsələr problem həllini tapmayacaq. Azərbaycanda yaxşı qolkiperlər var, sadəcə inanmaq lazımdır. Əgər səhv edəndə psixoloji baxımdan dəstəkləsələr, növbəti matçda daha yaxşı oynayacaq. Mən yerli qapıçılarımızın tərəfdarıyam

- Bu görüşdə hesabı "Turan Tovuz" açsa da, üstünlüyünü qoruya bilmədi. Qərblilərə qələbə üçün nə çatmadı?
- Tovuz komandası çempionata yaxşı başlamışdı. Baş məşqçi gənc olmağına baxmayaraq, böyük təcrübəyə malikdir. Ola bilər ki, bəxtləri gətirmir, adi oynayırlar. Hər şey var, oyun da, mübarizə də, əzmkarlıq da, amma bəxt gətirmir. Haradasa kiçik bir səhv, texniki nöqsandan sonra qapılarında qol görürlər. Sanki qara zolaqdadırlar. Bu zolaqdan çıxmaq lazımdır. Oyun baxımından "Turan Tovuz"  yaxşı futbol göstərir.

- Turan Tovuz”  “Qarabağ”a iki qol vurmuşdu ki, bunu hər komanda bacarmır. Tovuz klubu niyə bütün oyunlarda eyni səviyyədə çıxış edə bilmir?
- Hər kəs oyuna eyni cür hazırlaşmır. Hər futbolçunun fərdi yanaşması fərqlidir. Sabitliyi saxlamaq futbolçunun özündən, peşəkarlığından asılıdır. Ola bilməz ki, Tovuz klubunun futbolçuları tam peşəkar olmasınlar. Onların elə baş məşqçilərə var ki, xırda şeylərə belə  fikir verir. Baş məşqçi imkan verməz ki, komandasında kimsə qeyri-peşəkar olsun. 90 dəqiqə ərzində hamısı diqqətli olmalıdırlar ki, bir dəqiqə belə boşluq verməsinlər. Azərbaycanda çempionatında bir-iki saniyə yubandınsa, nəsə çatdırmadınsa, qapında qol görə bilərsən. Futbol günü-gündən inkişaf edir, sürətlənir. Bir komanda səhv edəndə, digəri bundan istifadə edir.

writer photo
Əlirza Əlirzalı
0