Təlim-məşq toplanışının ikinci mərhələsini Bolqarıstanın Bansko şəhərində keçəcək “Sabah”ın adıçəkilən ölkədə yoxlama görüşündə üz-üzə gələcəyi komandalardan biri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin iyulun 25-dəki rəqibi bəlli olub.
Baş məşqçi Murad Musayev yetirmələrini həmin gün İsrail təmsilçisi “Beytar”la matçda sınayacaq. Yerusəlim klubu ilə görüşün Bakı vaxtı ilə saat 18:30-da start götürməsi planlaşdırılır.
Qeyd edək ki, iyulun 17-də Bolqarıstana yollanacaq “Sabah” ayın 31-nə qədər orada hazırlıq keçəcək. Komanda bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.