"Çox istəyirdik ki, bu gün qalib gələk. Təəssüf ki, alınmadı”.
Apasport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XIV turunda “Kəpəz”ə qarşı keçirdikləri qolsuz bərabərlikdən sonra deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, qalib gəlməsələr də, futbolçularından razıdır: "Rəqib 1 xal üçün gəlmişdi, istəyinə də nail oldu. Sadəcə bu gün bizim günümüz deyildi. Çünki xeyli qol şansı yaxalasaq da, onları dəyərləndirə bilmədik, Amma 1 xala da şükür etməliyik. Heyətimizdə zədəlilərin çoxluğu bizi rotasiyaya məcbur edir. Təbii ki, bu, səbəb deyil. Çünki yaxşı futbol sərgilədiyimizi düşünürəm. Məsələn, Zirədə 1 xal qazansaq da, həmin matçda komandamdan narazı qalmışdım. Bu gün yenə heç-heçə etdik. Amma oyundan razıyam”.
Diniyev matçın erkən saatlarda başlamasının komandanın çıxışına təsir etdiyini vurğulayıb: “Oyunun günorta saatlarında keçrilməsinin də çıxışımıza təsiri oldu. Futbolçular sanki yuxulu idilər. Lakin bu, fors-major vəziyyətdir. Biz adətən axşam məşq edirik. Çünki axşam 6-8 arası güc olaraq futbolçu daha yaxşı vəziyyətdə olur. Bu matç üçün isə hər şey fərqli oldu. Adətən bizdə futbolçular oyun günü 12-də yuxudan oyanırlar. Bu gün isə artıq 2-də meydana çıxdıq. İnsanın bioloji iş qabiliyyəti yüksək olan vaxtlar var. Problem isə bizdən qaynaqlanmır. Böyük bir transformatorda problem var. 2-3 gündür bu problemin həll olunması üçün bir neçə şirkət işləyir. İnanıram ki, artıq növbəti ev oyununa kimi problem yoluna qoyulacaq”.
Diniyev komandasının bombardiri Aleksandr Ramalinqomu məcburiyyətdən meydana buraxdığını qeyd edib: “Onu meydana buraxmaq istəmirdim. Çünki elə olar bilərdi ki, bu gün qol vursun qalib gələk, amma sonradan 5 tur kənarda qalsın”.