Şahmatçılarımızın hədəfi
08.07.2022 - 13:13
Şahmatçılarımızın hədəfi

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının Qubada təlim-məşq toplanışı başa çatıb.

Apasport.az saytının məlumatına görə, 10 günlük hazırlıqda millinin üzvləri - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abasov və Vasif Durarbəyli iştirak ediblər.

Hazırlığın son günündə yığma üzvləri Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib.

Milli komandanın üzvü, üçqat Avropa çempionu Qədir Hüseynov hazırlığın vacib olduğunu deyib: “Azərbaycanın dilbər şəhəri Qubada hazırlıq keçirdik. Gündə 7 saat məşğul olurduq. İlin əsas şahmat yarışlarından biri Hindistanın Çennay şəhərində olacaq. Bu il olimpiadada rekord sayda 188 ölkə iştirak edəcək. Əsas məqsəd Ümumdünya Şahmat Olimpiadasından medalla qayıtmaqdır. Əlimizdən gələni edəcəyik ki, Vətənə medalla qayıdaq”.

Beynəlxalq qrossmeyster Vasif Durarbəyli toplanışı yüksək qiymətləndirib: “Şahmatda hazırlıq iki hissədən ibarətdir: nəzəri və praktik. Biz çalışırıq burada nəzəri hissəni həll edək. Olimpiada üçün müxtəlif hazırlıqlar quruldu. Komandanın bir yerdə olmasında əsas məqsəd komanda ruhu yaratmaqdır. Yarışda ayrı-ayrı lövhələrdə oynasaq belə komanda olaraq müsbət enerjinin yaranması faydalıdır. Ümid edirik ki, Qubada keçirdiyimiz hazırlıq olimpiadada bizə kömək edəcək”.

Milli komandanın üzvü Nicat Abasov hazırlıqdan razı qaldıqlarını bildirib: “Qubada təlim-məşq toplanışında olduqca intensiv məşqlər olub. Ümid edirik ki, bu il ilk dəfə olimpiadadan Vətənə medalla geri dönəcəyik”.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin hazırlığı Bakıdakı toplanışla yekunlaşacaq. 

Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadası iyulun 28-də start götürəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında təmsil olunacaq.
 

writer photo
Əlirza Əlirzalı
0